Sirli kitab məbədləri
"Sirli kitab məbədləri”. Niyə "təhsil ocağı” yox, "məlumat mərkəzi” yox, "informasiya qaynağı” yox, sırf "sirli kitab məbədləri” ?Hər bir mətn, bədii, fəlsəfi, elmi və.s. olmasından asılı olmayaraq öz mahiyyətini başlığında əks etdirir. Mövzunu çox uzatmadan mətləbə keçək. Məqsədimiz isə kitab və kitabxanalar haqqında danışmaq və mövzunun mahiyyətini tam olaraq ortaya qoymaqdır.
Bəs kitabxana nədir və ilk kitabxanalar necə formalaşıb? Kitabxana, mövzusundan və növündən asılı olmayaraq kitab şəklində çap olunmuş mətnlərin, məlumat mənbələrinin toplanıb istifadə edildiyi yerdir. Bütün xalqların mədəniyyəti, onların kitabxanalarında mətn şəklində özünü əks etdirir. Ən qədim mədəniyyətlərin üzə çıxmasında, o mədəniyyətləri yaradan xalqların kitabxanaları mühüm rol oynayıb. Kitabxanaların yaranması necə baş verdi?
Haşiyədən kənara çıxıb bir məqamı qeyd edim ki, tarixin bütün dövrlərində, sənət, poeziya, elm, fəlsəfə toplumların intellektual, elit təbəqəsinin və sarayların sayəsində dəyərləndirilib, inkişaf edib və qorunub. Bir sözlə, sənət və sənətkarlıq sarayın himayəsində idi. Elə dinlər tarixinə də nəzər salanda bütün dinlərin təbliğçilərinin – peyğəmbərlərin ilk olaraq iqtidara sahib olmasını və din mədəniyyətinin saray divarları arasında qorunduğunu müşahidə edirik. Belə ki, kitabxana mədəniyyətinin də formalaşmasında sarayların və saray əhlinin birbaşa vasitəçi olması danılmaz faktdır. İlk kitabxanalar, sultanların saraylarda qoruyub saxladığı əlyazmaların, məktubların, sarayın himayəsində fəaliyyət göstərən şairlərin, elm adamlarının və tarixçilərin qələmə aldığı mətnlərin toplanıb, külliyyat şəklində saray otaqlarında saxlanması və istifadə vasitəsinə çevrilməsi nəticəsində meydana gəlib.
Ümumdünya tarixində ən qədim mədəniyyətlər olaraq hansı mədəniyyətlər nəzərə alınırsa, ilk kitabxanalar da həmin mədəniyyətləri yaradan xalqların yaşadığı coğrafiyada, qurduğu dövlətlərin ərazisində və o dövlətlərin saraylarında mövcud olub. Yuxarıda dediyimiz kimi, kitabxanalar, xalqların mədəniyyətinin göstəricisidir. Və təbii ki, ən qədim mədəniyyətlərdən sayılan Şumer mədəniyyəti kitabxanaçılıq mədəniyyətində ən əhəmiyyətli yeri tutur. Heç təsadüfi deyil ki, ən qədim kitabxana da Şumer mədəniyyətinin formalaşdığı Dəclə və Fərat çayları arasında yerləşən Mesopotamiya ərazisindən, qədim Assuriya dövlətinə məxsus olan, tarixi işğallar zamanı dağıdılan, sonrakı dövrlərdə antropoloji qazıntılar zamanı saray qalıqları arasında tapılıb. Misirdə eradan əvvəl yaradılmış İsgəndəriyyə kitabxanası isə dünyanın ən qədim kitabxanaları arasında dövrünün ən böyük kitabxanası olaraq dəyərləndirilir. Dünyanın ən qədim kitabxanalarından biri də Yunan-Roma mədəniyyətini özündə əks etdirən Kelsus kitabxanasıdır ki, həm zənginliyinə həm də böyüklüyünə görə digər qədim kitabxanalardan fərqlənir və özündə minlərlə qədim bağlamanı saxlayır. Kelsus kitabxanasında aparılan araşdırmalar sübut edir ki, o dövrlərdə Roma ərazisində bu kimi çoxlu kitabxanalar mövcud olub və Roma imperiyasında kitabxanaçılıq mədəniyyətinə böyük önəm verilib. Bu yazıda səthi məlumatları qeydə aldığımız üçün növbəti mövzularda bu kitabxanalar haqqında geniş məlumat verəcəyik.
Sivilizasiyalar inkişaf etdikcə, mədəniyyətlər
formalaşdıqca, xalqların mədəniyyətini əks etdirən kitabxanaçılıq mədəniyyəti də
inkişaf etmiş və antik dövrlərdən müasir dövrə kimi qurulan dövlətlərin ərazilərində
kitabxanaçılıq fəaliyyətlərinin genişlənməsi bir ənənəyə çevrilmişdir. Elmin, mədəniyyətin
inkişafından asılı olaraq orta əsrlərdən etibarən kitabxanıçılıq fəaliyyəti o qədər
genişlənmişdir ki, bu inkişaf sonrakı dövrlərdə kitabxanaların daha da böyüməsinə,müxtəlif
təhsil ocaqlarında "kitabxanaçılıq” peşəsinin yaranmasına rəvac vermişdir. Orta
əsrlərdən bu günümüzə kimi zaman-zaman qurulan dövlətlər bu ənənəyə sadiq
qalaraq hər biri özünün milli kitabxanasını formalaşdırmışdır. Bütün mədəniyyətlər,
elmi məlumatlar, bədii əsərlər, dini mətnlər, sənət dünyasını əks etdirən nəzəri
biliklər, fəlsəfi fikir modelləri yazılı mətnlər şəklində kitabxanalarda öz əskini
tapır. Tarixin bütün dövrlərində inkişaf toplumların düşüncə tərzi və bu düşüncə
üzərində qurduqları həyat tərzinə əsasən dəyərləndirilib ki, bu düşüncə tərzi də
kitab oxucularının sayəsində formalaşıb. Kitab oxuculuğu olmayan və zəif olan
xalqlar tarix boyu sivilizasiyanın inkişafından geridə qalıb və primitiv
toplumlar olaraq qiymətləndirilib. Çünki kitab oxumayan toplum öz mədəniyyətindən,
tarixindən, o cümlədən dünya mədəniyyətlərindən məlumatsız olur. Bu isə bəsit və
kütləvi düşüncə tərzinin formalaşmasına yol açır.
Kitabxanalar dünyanın sirli məbədləridir. Bu məbədlər dünyanın ən müqəddəs məkanlarıdır.





















