03:02 çərşənbə Axşamı, 10 Mart 2026
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Nadir kitablar – Herman Hesse

02-04-2018 18:43
1166
 Bookcollector.az saytı Nobel mükafatı laueratı Herman Hessenin "nadir kitablar" adlı məqaləsini təqdim edir:

  Bir neçə onilliklər əvvəl bir gənc alman şairi ilk şeir kitabını çap etdirdi. O, sentimental, zəif, forması və dərin mənası olmayan bir kitab idi. Oxucu yalnız xəfif-xəfif əsən yaz küləyini və təzəcə tumurcuqlamış kolların arasında gəzişən bir qızın zəif təsvirini görə bilirdi. Ağbənizli, incə, bəyaz geyimli qız bahar əhval-ruhiyəli yaz meşəsindəki alatoranlığa qarışırdı. Onun haqqında konkret heç nə yazılmamışdı. 
 
 


 
 Müəllifə isə bu yetərli idi. Maddi imkanı olduğundan nəşr olunmaq üçün məşhur və tragikomik mübarizəyə başladı. Altı tanınmış və bir neçə başqa yaxşı nəşriyyatlar həmin gəncin əlyazmasını çox nəzakətli şəkildə geri qaytardılar.  Onların indiyədək qalan qısaca yazılmış məktubları indiki naşirlərin tez-bazar cavablarından demək olar ki, heç nə ilə fərqlənmir. Lakin onlar üzərində işlənilməmiş  əlyazmalar idi.
  Rədd cavabı aldığından acıqlı və  hər şeydən usanmış şair şeirlərini dörd yüz nüsxə tirajla özü çap etdirdi. Kitabça fransız formatlı, otuz doqquz səhifəlik, vərəqin on ikidə biri boyda qalın cildlənmiş, içərisindən isə qırmızı-qəhvəyi rəngli kağızdan yığılmışdı. Müəllif bunlardan otuzunu öz dostlarına payladı. İki yüz nüsxəni yaymaq üçün kitab ticarəti ilə məşğul olanlara verdi. Və həmin iki yüz kitab dükanda baş vermiş böyük yanğın zamanı məhv oldu. Sonrakı taleyi naməlum qalan yüz yetmiş nüsxə kitab isə şairdə qaldı. Bu kitab anadangəlmə ölü doğuldu. Şair də çox güman ki, iqtisadi məsələləri düşünərək bir daha bu cür poetik təcrübələrə yol vermədi.
 
 
 

  Lakin yeddi ildən sonra komediyalar çap etdirmək üçün vəsait  topladı. O,  bu işdən ürəklə yapışdı. Bəxti gətirdi. Sanki bir fabrikant kimi ildə bir  komediyanı tez və keyfiyyətli dərc etdirirdi. Teatrlar tamaşaçı, vitrinlər pyeslərinin kitab variantı, səhnələrdən fotolar və müəllifin rəsmləri ilə dolu idi. Axır ki, o, məşhur oldu. Lakin gənclik illərində yazdığı şeirləri daha dərc etdirmədi. Çox güman ki, onlardan utanırdı. O, həyatının çiçəklənmə dövründə vəfat etdi. Ölümündən sonra haqqında dərc olunan tərcümeyi-halı oxucular arasında qısa zamanda  yayıldı. Və bu tərcümeyi-halda onun artıq çoxdan unudulmuş gənclik illərinin nəşri barədə həqiqətlər  məlum oldu.
  İllər keçdi, onun çoxsaylı komediyaları dəbdən düşdü və  artıq tamaşaya qoyulmadı. Kitabları isə istənilən kitab mağazasında komplekt şəkildə satışda var idi. Lakin o balaca, birinci kitabçadan müəllifin dostlarına payladığı otuz nüsxə kolleksionerlərin marağına və axtarışına səbəb oldu. Onlar həmin kitabçanı ən yüksək qiymətə belə əldə etmək arzusunda idilər. Bukinstlərin təlabat siyahısında bu ad hər zaman vardı. Satışda cəmi dörd dəfə görünən o kitabı almaqdan ötrü kitabsevərlər arasında çox qızğın mübarizə getmişdi. Çünki, əvvəla, kitabın üz qabığında həmin o məşhur ad var idi  və bu,  müəllifin ilk və həm də öz vəsaitinə dərc olunmuş kitabı idi. Sonrası da odur ki, oxucularda soyuq pyesləri ilə məşhur olan dramaturqun gənclik illərindəki sentimental lirikası çox maraq doğururdu.
 
 
 Bir sözlə, bu kitabçaya böyük tələbat yaranmışdı. Onun nahamar kəsilmiş, mükəmməl olmayan nüsxələri o qədər bahalı idi ki, hətta bəzi amerikan kolleksionerləri də onu əldə etmək arzusunda idilər. Alimlər də bu nadir kitab haqqında iki dissertasiya yazmışdılar. Biri onun dil imkanlarını işıqlandırır, digəri isə psixoloji tərəflərini açıqlayırdı. Heç kimin ixtiyarı olmadan altmış beş ədəd təkrar çap olunmuş nüsxələri isə çoxdan artıq satılmış və kitab haqqında jurnallarda onun barəsində onlarla məqalələr dərc olunmuşdur. Yanğından xilas olmuş yüz yetmiş ədəd kitabın taleyi mübahisə mövzusudur. Görəsən müəllif özü onları məhv etmişdi, itirmişdi, yoxsa ki, satmışdı? Bu naməlumdur. Onun varisləri xaricdə yaşayırlar. Və onlara bu heç də maraqlı deyil. Hal-hazırda kolleksionerlər bu balaca kitabçanın əvəzində Kellerin çox nadir əsəri olan "Yaşıl Hentix" əsərindən də çox pul təklif edirlər.  Əgər birdən nə vaxtsa o yüz yetmiş nüsxə kitab ortaya çıxsa və hər hansı bir kolleksioner tərəfəndən məhv edilməsə, qiymətdən düşər, kitabsevərlər tərəfindən ironiya ilə digər məzəli hadisələr, lətifələr kimi ara-sıra xatırlanar.
 
  Tərcümə edən: Xanım Aydın

KEÇİDLƏR

SORĞU

Hansı kitablar sizin üçün daha maraqlıdır?