02-04-2018 18:28
820
(2-ci – düzəlişlər və əlavələr edilmiş nəşr)
F.M.Dostoyevski əsərlərinin ikinci – düzəlişlər və əlavələr edilmiş tam akademik toplusunun nəşr ideyası yazıçının 2021-ci ildə baş tutacaq 200 illik yubileyi ilə əlaqədar yaranmışdır. Lakin bu nəşrin vacib olması ideyası isə elə bu yaxınlarda bilindi. Məsələ burasındadır ki, indiyə qədər də böyük nüfuza malik F.M.Dostoyevski əsərlərinin birinci akademik nəşri həm tekstoloji baxımdan, həm də Dostoyevski elmi baxımdan xətalar və ciddi çatışmazlıqlardan uzaq deyil. Artıq bu toplunun çapı zamanı aşkarlanmış müxtəlif tipli səhvlər, buraxılışlar, çatışmazlıqlar sonrakı topluda da publikatorların yazıçının mətnlərinə və tədqiqatçıların elmi işlərində əsərlərin tam toplusunun ikinci nəşri saysız-hesabsız məqalə və monoqrafiyalara etdikləri müraciətlərə görə əməlli-başlı artdı.
Əsərlər toplusunun birinci akademik nəşrində zamanın möhürü var. Toplunun (mətnlərdən, cildlərin tərkib və ardıcıllığından tutmuş, xırda redaktə işlərinə qədər) hazırlanmasının müxtəlif etaplarında redaktorlar heyəti, tekstoloqlar və şərhçilərin göstərdikləri bütün səylərə baxmayaraq, o zamanlar hökmranlıq edən ideologiyanın qəddar göstərişləri, birbaşa və dolayısıyla qoyulan senzura ümumilikdə nəşrə mənfi təsir etməyə bilməzdi. Bu mümkünsüz idi. Məsələn, bax elə "Şeytanlar" romanın üçüncü hissəsinin tam redaktəli variantlarının tutuşdurulması zamanı onlar ona görə "qarışdı" ki, oxucu kütləsinin çoxu üçün F.M.Dostoyevskinin bu əksinqilab və ən tendensiyalı romanının yaradıcılıq materialındakı qatlar praktik olaraq əlçatmaz qalsın. Lakin buraxılmış səhvlərə görə təkcə senzura səbəbkar deyildir. F.M.Dostoyevski əsərlərinin birinci akademik nəşri rus klassiklərinin (Puşkin, Qoqol, Blok...) yeni akademik nəşrlərindən nəzərə çarpacaq dərəcədə geri qalır. Yeni nəşrlərdə publikatorlar müəllifin fikirlərinə münasibətdə punktuasiyadan (durğu işarələrinin qoyulması), sözlərin intonasiyayla ifadə edilməsindən, hərflərin böyük və ya kiçik hərflə yazılmasından tutmuş hər şeyə qarşı çox ehtiyatlı, diqqətli və həssasdırlar. Dostoyevski əsərlərinin tam toplusunun birinci nəşrində, əksinə, nəşr redaktorlarının çap olunacaq mətnlərin müasirləşdirmək uğrunda etdikləri təzyiq nəticəsində alim-tekstoloqların göstərdikləri bir sıra güzəştləri görmək mümkündür. Digər tərəfdən də, əsərlər tam toplusunun birinci nəşrinin birinci cild materiallarının təcrübəli tekstoloqlar tərəfindən yenidən aparılmış müasir analizi zamanı əsərlərin əsas mətnində buraxılmış sözləri, variantları, yazıçının sağlığında çap olunmuş publikasiyalara nəzərən edilmiş redaktə dəyişikliklərindəki məntiqi ardıcıllığının pozğunluğunu və s. aşkarlamışlar. Məlum olmuşdur ki, əsərlərin tam toplusunun ikinci nəşrində ediləcək istənilən düzəliş və əlavələr üçün onlar yenidən işlənməli və ilkin mənbələrlə mütləq tutuşdurulmalıdır. Əgər belə olmasa, əsərlərin tam toplusunun ikinci nəşri öz yüksək akademik nəşr statusunu, əlbəttə ki, itirəcək. Vsevolod Yevgeni Baqno (rus-sovet dilşünası, tərcüməçi – 1951) və Vadim Dmitreviç Rakın (filologiya elmləri doktoru) təklif etdikləri tekstologiyanın "seçmə üsulu" ideyası bu baxımdan zəif və səmərəsiz hesab olundu. O ideyayla yaxından tanışlıqdan sonra isə, həm də onun çox qəribə bir ideya olduğu açıq-aydın görünür. Bununla – materialların F.M.Dostoyevskinin sağlığında nəşr olunmuş əsərləri və avtoqraflarıyla akademik prinsiplə başdan-başa tutuşdurulmasından imtina etməklə, V.Y.Banqo və V.D.Rak paradoksal şəkildə əsərlərin tam toplusunun ikinci nəşrinin hazırlanmasında əsərlərin tam toplusunun birinci nəşrində buraxılmış səhvləri nəzərə almamağı tövsiyə etmiş olur. Yəni tutuşdurmanı faktiki olaraq ilkin mənbələrlə yox, əsərlərin tam toplusunun birinci nəşrindəkilər yox, başqa tekstoloji ideyalar qoyulmuş müasir nəşrlərlə etməyi təklif edir. Bu, akademik elmdə hələ indiyədək görülməmiş, eşidilməmiş bir şeydir! Belə bir halda yaxşı olardı ki, yeni nəşrdə əsərlərin tam toplusunun birinci nəşrinin tekstologiyasına, ümumiyyətlə toxunulmasın. Bu halda heç olmasa hamıya aydın olardı ki, əsərlərin tam toplusunun ikinci nəşrinin naşirləri əsərlərin tam toplusunun birinci nəşrində buraxılmış səhvləri, xətaları (axı indiyə kimi heç də onların hamısı aşkarlanmamış və göstərilməmişdir) "mühafizə edir", digər tərəfdən də, yeni xətalar üçün münbit şərait yaradırlar.
Rusiya Elmlər Akademiyasının Rus Ədəbiyyatı İnstitutunun Mətnşünaslıq komissiyasının (komissiyanın sədri V.D.Rak) 17 noyabr 2008-ci il tarixində geniş iclası keçirilmişdir. İclasda F.M.Dostoyevski əsərlərin tam toplusunun ikinci nəşrinə hazırlıqla bağlı layihə təlimatı müzakirə olunmuşdur. Və bu iclasda V.D.Rakdan başqa bütün komissiya üzvləri əsərlərin tam toplusunun ikinci nəşrində tekstologiyanın "seçmə üsulu" ideyasının əleyhinə səs vermişdilər. (Təlimatın "F.M.Dostoyevski əsərlərin tam toplusunun ikinci nəşrinin indiyə qədər çap olunmuş və əlyazmalarının mənbələrilə frontal, başdan-başa tutuşdurulması keçirilmir" maddəsi ilə əsaslanan hissəsi ayrıca bəndlə səsə qoyulmuşdu.) V.D.Rak müvəqqəti olaraq, öz ideyasından (layihənin ikinci, aradakı variantında) imtina etmişdi. Lakin Rusiya Elmlər Akademiyasının Rusiya Ədəbiyyatı İnstitutu direktorunun və əsərlərin tam toplusunun ikinci nəşrinin baş redaktoru V.Y.Baqnonun "administrativ resursu" ona V.D.Rakla birlikdə son nəticədə İnstitutun mətn komissiyasının qərarını dəyişdirərək, rədd edilmiş "seçmə mətnləri" qaytarıb təlimatın sonuncu variantındakı kimi əvvəlki yerinə qoymağa imkan və şərait yaratdı. (Əsərlərin tam toplusunun ikinci nəşrinin sonuncu layihəsi frontal və ilkin mənbələrlə tutuşdurulmadan imtina olunma bəndiylə redaktorlar heyətinə baxışa və təsdiqlənmək üçün göndəriləndə, ilkin heyətin üzvlərindən (2008-ci ilin 22 sentyabrında təsdiq olunmuş) ikisi – baş redaktor müavini Valentina Yevgenyevna Vyetlovskaya (ədəbiyyatşünas, nəzəriyyəçi – 1940) və Tamara İvanovna Ornatskaya (filologiya elmləri doktoru) iclasda iştirak etməkdən imtina etmişlər. Qalina Yakovlevna Qalaqan (filologiya elmləri doktoru – 1935-2014) müzakirə zamanı bu vəziyyətin əleyhinə olduğunu qətiyyətlə bildirmişdi. Lakin aparılan səsvermə zamanı dörd səslə – V.Y.Baqno (iki səs), V.D.Rak və N.F.Budanova bir səsə qarşı çıxdı və Təlimat təsdiqləndi. Bundan sonra 2009-cu ilin martında V.Y.Vyetlovskaya, Q.Y.Qalaqan və T.İ.Ornatsakaya əsərlərin tam toplusunun ikinci nəşrinin redaktorlar heyətindən çıxmaqları ilə bağlı yazılı şəkildə ərizəylə müraciət etdilər. Rus Ədəbiyyatı İnstitutunun 7 may 2009-cu ildə keçirilən iclasında onların ərizələri təsdiqləndi.) Nəticədə, F.M.Dostoyevski əsərlərin tam toplusunun ikinci nəşrinin (yubiley nəşrinin!) mətnşünaslıqdəyəri lap elə əvvəlcədən sıfıra enmiş olur.
Şərhlərin tarixi-ədəbi və real işlərinin hazırlıq prosesi də yaxşı vəziyyətdə deyil. V.Y.Banqo və V.D.Rak bildirirlər ki, "Əsərlərin tam toplusunun birinci nəşrindəki Sovet dönəminin ideoloji qatları" səthi – zahiri xarakter daşıyır, onları rahatlıqla çıxarmaq mümkündür və "əsərlərin tam toplusunun birinci nəşrinin köklü tekstoloji və konseptual-interpretasinal (şərhlərin) yoxlanışına ehtiyac yoxdur..." Lakin əgər əsərlərin tam toplusunun birinci nəşrinin şərhlərində onilliklərin keçməsinə, kommunistik və ateistik ideologiyaların yox olmasına, F.M.Dostoyevski əsərlərinin problematik və poetik tədqiqatlarının işıq üzü görməsinə və s. baxmayaraq, dəyişiklik ediləsi az şey varsa, belə bir sual meydana çıxır: çox zaman və əziyyət tələb edən yeni nəşri işləmək nəyə və kimə lazımdır? Bunun mənası nədir?
Əslində isə mənzərə tamamilə başqa cürdür. Məsələn, "Gizlindən məktublar", "Şeytanlar"in bir sıra tarixi-ədəbi şərhlər bölməsinin, "Yazıçının gündəliyi"ndən bir çox başlıqlarının köklü şəkildə yenidən işlənməsinə mütləq şəkildə ehtiyac var. Praktiki olaraq, əsərlərin tam toplusunun birinci nəşrinin şərhləri yoxdur ki, heç olmasa onların üzərində hansısa düzəlişlər, dəqiqləşdirmələr və əlavələr işlənsin. Belə bir sual meydana çıxır: ömrünü Dostoyevskinin tədqiqatına sərf etmiş müasir akademik mütəxəssis nəyə görə axı bu cür vacib düzəlişdən imtina etsin və özündən əvvəlki şərhçilərin mətnlərinə böyük hörmətlə yanaşsın? Əvvəlki şərhlərin mətn toxunulmazlığı ideyası, praktikada nə akademik, nə də digər hansısa başqa nəşrlərdə analoqu olmayan paradoksal həllə gətirib çıxarır. Məsələn, əsərlərin tam toplusunun ikinci nəşrinin qeyd mətnlərini redaktə edən əsərlərin tam toplusunun birinci nəşrinin əməkdaşına orda əsassız dəlilləri, səhv nəticələr və qiymətləndirmələri aşkarlayanda, əsərlərin tam toplusunun birinci nəşrinin qeyd mətnlərini dəyişiklik etmədən saxlamağı, lakin müvafiq yerlərə kontrarqumentli sətraltı qeydlər (snoska) qoymağı tapşırdılar. Hər bir mütəxəssis yaxşı bilir ki, səhv, lakin özündə uzun illərin adət-ənənəsini daşıyan nöqteyi-nəzəri, düşüncəni, fikirləri əsaslı və inandırıcı şəkildə təkzib etməkdən ötrü, bir sıra müxtəlif müşahidə və faktlar seriyasının bir-birinə bağlılığını ortaya qoymaq lazımdır. Bu isə olduqca mürəkkəb, geniş və ətraflı izahat tələb edir. Əsərlərin tam toplusunun ikinci nəşrinin hazırlıq Təlimatında əsas məqamlar maddəsini yenidən təkrarlayan V.Y.Banqo və V.D.Rak bu məsələnin həlli üçün sətraltı qeydlər etməklə kifayətlənməyi təklif edir. Bəs bu cür qeydlərin icrası səhifələrin həddindən artıq çox hissəsini tutmayacaqmı? Və beləliklə, bütün əsərlərin tam toplusunun ikinci nəşri boyu qeydlərə yeni qeydlər əlavə edilməsi sistemi, formal olaraq birinci nəşrdə bütün zəif yerləri, səhv əsaslandırmaları, yanlış şərhləri və s. göstərməklə, əsərlərin tam toplusunun birinci nəşrinin "qaşını düzəldən yerdə gözünü çıxarmaq" kimi bir şey olmayaqmı? Təlimatı tərtib edənin fikrində belə bir "əks effekt" olubmu?
Müəlliflər guya ki, başqa cür – buna tamamilə əks həll yolları təklif edirdilər, lakin onlar da nəticədə həmin effekti verəcəkdilər. Əsərlərin tam toplusunun birinci nəşri işıq üzü görəndən sonra təkzib olunmuş preambula (giriş) mətnindən müfəssəl fraqmentlərin çıxarılması da nəzərdə tutulmuşdu. Lakin bu halda da həmin ixtisarlar sətiraltı qeydlərlə müşayiət olunmalıdır. Bu hal – "qeydlərə əlavə qeydlər"in edilməsi nəşrin səhifələrini "çoxlaylı piroqa" çevirəcəyini təsəvvürə gətirmək heç də çətin deyil. Və bu nəşr nə kütləvi oxucuya, nə də heç bir mütəxəssisə yararlı olmayacaqdır. Bu saxta filoloji yaradıcılığın nədən ötrü edildiyini anlamaqsa daha çətindir.
Bütün bunun arxasında F.M.Dostoyevski haqqında çağdaş tarixi-ədəbi elmin nailiyyətlərinə qarşı sayğısızlıq, etinasızlıq dayanır. V.Y.Baqno və V.D.Rakın göstərdiyi çatışmazlıqlar, məsələn, "İdiot" romanın bəzi bugünkü şərhlərindəki əyrilikləri misal çəkməsi tamamilə əsassızdır. Belə ki, nə V.Y.Baqnonun, nə də V.D.Rakın əsərlərin tam toplusunun ikinci nəşrinin hazırlıq işlərinə başlayan akademik alimlərin artıq dəyərləndirilmiş, əsaslandırılımış ideyalarla yox, bu cür şərh müəlliflərinin boş ideyalarıyla işə girişdiklərini təxmin etməkləri üçün heç bir əsası yoxdur.
Ümumiyyətlə, bu nəticəyə gəlmək olar ki, son on illərin F.M.Dostoyevski haqqında elmi öz şərhləri, fikirləri və s. ilə V.Y.Baqno və V.D.Raka əl vermir. Daha sonra müəlliflər aydınlaşdırırlar: "Əsərlərin tam toplusunun ikinci nəşrində şərhlərdə faktiki məlumatlar ideoloji cəhətdən neytral olaraq verilməlidir. Dostoyevski mətnlərinin tarixi-ədəbi izahlarının, onun mifopoetik, metapoetik, simvolik, maarifləndirici və s. izahlarıyla əvəz edilməsi yolverilməzdir..." Lakin belə olduqda V.Y.Baqno və V.D.Rak, Georgi Mixayloviç Fridlenderin (rus-sovet ədəbiyyatşünası, akademik – 1915-1995) "Ev sahibəsi" povestinə yazdığı şərhi – "Ordınov və Murinin Katerinadan ötrü apardığı mübarizə povestdə simvolik məna daşıyır" şərhini bu cür düzəliş edəcəklər: evdar qadın olan Katerinanın obrazı Dostoyevski qələmi altında "sehrbaz", tacir obrazında təcəssüm etdirilmiş keçmişin əsarətində qalan milli qadın simvolu, xalq ruhuna çevrilərək böyüyür və s. (Əsərlərin tam toplusunun birinci nəşri, 1; 508)
Əsərlərin tam toplusunun birinci nəşri bu cür şərhlərlə başdan-ayağa doludur. Çünki bu nəşrin şərhçiləri və faktiki baş redaktoru Q.M.Fridlender açıq-aydın anlayırdılar ki, F.M.Dostoyevski xüsusi istedada malik yazıçı olmaqla yanaşı, həm də yazının simvolik fəndlərinin virtuoz bilicisidir. Və Dostoyevski bədii manerasının xarakterik özəlliyi olan bu simvolistik yazı bütün yaradıcılığı boyunca onu müşayiət edir. Bu cür şeylərin filoloji izahından imtina etmək, prinsipcə, ümumiyyətlə, F.M.Dostoyevski əsərlərinin şərhindən imtina etməkdir. Niyə? Nəyə görə axı? V.Y.Banqo və V.D.Rakın iddialarına baxmayaraq, akademik nəşrin əsas işi yazıçının əsərlərinə "ideoloji baxımdan neytral" qeydlər əlavə etmək deyil, tarixi-ədəbi və real şərhlərdə müasir oxucunun əsəri anlaması üçün lazımi məlumatları yerləşdirməkdir.
V.Y.Baqno və V.D.Rakın məqaləsinin sonunda gözlənilmədən məlum oldu ki, əsərlərin tam toplusunun ikinci nəşrinin heç də bu cür – akademik nəşr kimi hazırlanması planlaşdırılmır. O biri müəlliflər yazır: "...Puşkin Evi indiki zaman şəraitində fəaliyyətini və real imkanlarını birləşdirərək bu sahədə (Dostoyevski ədəbi irsi və əsərlərinin nəşrinin tədqiqatı) qarşısına ambisiyalı və utopik məqsədlər qoya bilmir".
Deyilənlər bunu göstərir ki, bir zamanlar Rusiyada və xarici ölkələrdə ən yaxşı klassik nəşr sayılan əsərlərin tam toplusunun birinci nəşri – "hardasa düzəlişlər edilmiş və nələrsə əlavə edilmiş" yeni nəşriylə (əsərlərin tam toplusunun ikinci nəşri) özü-özlüyündə akademik elmdə ciddi şəkildə geriyə bir addım atacaq. F.M.Dostoyevski əsərlərinin yeni nəşrini hazırlayan Rusiya Elmlər Akademiyasının Rusiya Ədəbiyyatı İnstitutunun təcrübəli mütəxəssisləri yaxın illərdə akademik filologiyanın ənənəvi və elmi prinsiplərdən uzaq, tamamilə qeyri-yaradıcı bir işlə məşğul olmağa məhkum olacaqdır. Bütün bunlar Puşkin Evində F.M.Dostoyevski tədqiqatının ən uğursuz simptomu kimi qiymətləndirilir. Əlbəttə ki, bu cür nəşrin hazırlanması zamanı yeni tədqiqatçılar nəsli üçün "yaxşı məktəbdən", akademik elmlər üçün gənc kadrların yetişdilməsindən heç bir söhbət gedə bilməz. Bütün bunlar xoş niyyətlər və yalnızca boş sözlədir!
Klassik əsərlərin akademik nəşrləri indiki zamanda elmdə dərin uğursuzluqların əlamətidir. Klassik rus ədəbiyyatının başqa nümunələri kimi F.M.Dostoyevski əsərlərinin bu cür "yüngülləşdililmiş" nəşrləri də kitab bazarında kifayət qədərdir. Lakin Dostoyevskinin akademik əsaslar, yüksək erudisiya, geniş dünya görüşü, özündən əvvəlkilərə ehtiramı saxlamaqla, digər tərəfdən də düşünülmüş, ölçülüb-biçilmiş yeniliklərlə, klassik irsin yeni nəşrlərinin təcrübəsi üzərində hazırlanan yeni akademik nəşrinə, nəyinki Rusiyada, həm də xaricdə tələbat böyük olardı.
F.M.Dostoyevski əsərlərinin yeni tam toplusu layihəsi ətrafında əsaslı və konkret müzakirələri sonraya saxlayaq. Hesab edirik ki, deyilənlər kifayət edir. Əminik ki, V.Y.Banqo və V.D.Rakın həyata keçirmək istədiyi rus klassik ədəbiyyatının nəşri layihəsi akademik elmin etibarını, Puşkin Evinin nüfuzunu aşağı salır. Hətta müəyyən qədər də, ithaf olunduğu hadisənin böyüklüyünə – dünya miqyasında tanınmış bir rus dahisinin 200 illik yubileyinə layiq deyildir.




Rus dilindən tərcümə edən: Xanım Aydın






















