Frankfurt Beynəlxalq kitab sərgisi-2018
Ölkəmiz Almaniyada keçirilən Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyləri münasibətilə tədbir də keçirilib.
Frankfurt Beynəlxalq Kitab Sərgisində ölkəmiz "Qız qalası” və "Qala divarları” dizaynı ilə hazırlanan xüsusi stendlə təmsil olunub. Burada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, tariximizə, mədəniyyətimizə, Qarabağ həqiqətlərinə dair nəşrlər alman, ingilis və Azərbaycan dillərində təqdim edilib. Sərgi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illiklərinə həsr olunan tədbir keçirildi. Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətinə toxundu, dahi bəstəkar Qara Qarayevin Azərbaycan və dünya musiqisi tarixindəki xidmətlərindən bəhs etdi. "Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” və "Qara Qarayev. Həyat və yaradıcılığı haqqında qısa oçerk” kitablarının dahi bəstəkarın irsinin öyrənilməsi və dünyada təbliği baxımından əvəzsiz mənbə olduğu qeyd edildi. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Haluk Dursun, ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin tarixinin parlaq səhifəsi olduğunu bildirdilər. Eyni zamanda, dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə çap olunan nəşrlərin Azərbaycan mədəniyyətinin təbliği baxımından əhəmiyyətindən danışıldı.





























