21-01-2019 15:09
949

Respublİka Kİtabxana Kollektoru haqqındA
Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət, xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Heydər Əliyev
Başlıca vəzifəsi kitabın təbliği, reklamı, yayımı və satışı olan Kitabxana Kollektoru respublikanın bütün mərkəzləşdirilmiş kitabxana sistemlərini yeni nəşr olunmuş kitablarla, kitabxana ləvazimatı ilə təchiz edən bir qurum kimi fəaliyyət göstərir. Bu qurum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunmuş kitabları respublika kitabxa- nalarına hədiyyə şəklində çatdırılmasını təmin etməklə və ilin əvvəlində regional idarələrlə bağlanılan müqavilə əsasında kitab, kitabxana ləvazimatı satışını həyata keçirməklə fəaliyyətini tənzimləyir. Kitabxana Kollektoru hələ Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi illərdə yaradılmış və yeni təşkil olunduğundan kövrək addımlarla olsa da xalqın maariflənməsi işində mühüm rol oynamışdır. Daha sonra kollektorun kitab yayımı sahəsində fəaliyyəti daha da genişlənmiş və maarifçi bir quruma çevrilmişdir. Hazırda kollektor respublikada zəngin kitab fonduna malik bir qurumdur.
Respublika Prezidenti İlham Əliyevin tariximizin öyrənilməsinə, mədəniyyətimizin təbliğ olunmasına, iqtisadiyyatın, turizmin, eləcə də kənd təsərrüfatının inkişafına böyük diqqət göstərməsi Kollektorun işinə də istiqamət verib. Respublika Kitabxana Kollektoru fondunda tariximizlə, dövlət quruculuğumuzla bağlı, turizm, iqtisadiyyat, eləcə də kənd təsərrüfatına aid kitabların sayı daim artırmaqdadır.
Elektron mətbuatın inkişaf edib vüsət aldığı bir dövrdə kitabın təbliği ilə məşğul olan Respublika Kitabxana Kollektorunun fəaliy- yətində rəqabətə dözümlülük yaratmaq üçün bu sahədə əsaslı və ciddi islahatlara ehtiyac var. Son illərdə oxucuların marağından çıxış edərək müxtəlif sahələrə aid ədəbiyyat nümunələri ilə kollektorun kitab fondu daha da zənginləşdirilib. Müxtəlif elm sahələrini əhatə edən kitabların respublika kitabxanalarına çatdırılması kollektorun başlıca vəzifəsidir.Kollektor kitabın təbliği işiylə bağlı bayramdan-bayrama, yubileydən yubileyə yox, müntəzəm tədbirlər həyata keçirir və təşkil olunan tədbirlərdə yaxından iştirak edir. 2017-ci il sentyabr ayının 12 – dən 24-nə qədər olan müddət arasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nizami rayonunda Heydər Əliyev parkında təşkil olunan Kitab Yarmarkası böyük marağa səbəb oldu. Bu tədbirdə Azərbaycan Resbublikası Mədəniyyət nazirinin I müavini Vaqif Əliyev və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, millət vəkili Sədaqət Vəliyeva və rayon fəalları, kitabxanaçılar, məktəblilər yaxından iştirak etdilər.
2017-ci ilin sentyabr ayında keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Respublika Kitabxana Kollektoru fondunda olan zəngin çeşidli kitabların nümayişi ilə iştirak etmişdir. Bu sərgidə kollektor Mədəniyyət Nazirliyi ilə birlikdə Avtomat Kitab Köşkünün geniş təqdimatını keçirmişdir. Respublikamızda ilk dəfə olaraq nümayiş olunan Avtomat Kitab Köşkü sərgi iştirakçılarının böyük marağına səbəb olub.
2018-ci ilin aprel ayının 26-da Ulu Öndərimizin adını daşıyan H.Əliyev Mərkəzində keçirilən "Oxu günü”ndə yaxından iştirak edən Respublika Kitabxana Kollektoru oxuculara maraqlı kitablar hədiyyə etmişdir. Bu cür tədbirlərin təşkilində məqsəd mənəvi qida hesab edilən kitabı gələcəyimiz olan uşaq və gənclərimizə daha əlçatan məsafədə təqdim etməkdir.

Mədəniyyət Nazirliyinin regional idarələri ilə müntəzəm tədbirlər keçirmək, kitab bayramları təşkil etmək, müəlliflərlə, tanınmış yazıçı və şairlərlə, görkəmli ictimai-siyasi xadimlərlə oxucuların görüşünə getmək qarşıdakı başlıca vəzifələrdəndir.
Respublika Kitabxana Kollektorunun əməkdaşlarının əsas istəyi kollektorun yerləşdiyi Q. Qarayev prospekti 51-57 ünvanını kitabın təbliği ilə tanıtmaq, bu ünvanı kitaba həvəsli gənclərimizin görüş yerinə çevirməkdir.






















