13:04 Bazar Ertəsi, 16 Sentyabr 2019
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Sirli kitab məbədləri

19-07-2018 13:27
1275
Sirli kitab məbədləri

                                                                                      Sirli kitab məbədləri

"Sirli kitab məbədləri”. Niyə "təhsil ocağı” yox, "məlumat mərkəzi” yox, "informasiya qaynağı” yox, sırf "sirli kitab məbədləri” ?Hər bir mətn, bədii, fəlsəfi, elmi və.s. olmasından asılı olmayaraq öz mahiyyətini başlığında əks etdirir. Mövzunu çox uzatmadan  mətləbə keçək. Məqsədimiz isə kitab və kitabxanalar haqqında danışmaq və mövzunun mahiyyətini tam olaraq ortaya qoymaqdır.  

 

   Ümumdünya elm və mədəniyyət tarixində insanın saysız-hesabsız elmi ixtiraları arasında yazı mədəniyyətinin formalaşması və kağızın əldə olunması ən önəmli ixtiralardan sayılır. Mədəni intibahın ilk mərhələsində ilkin yazı formalarının meydana gəlməsi həm yaşanılan tarixin, həm mövcud mədəniyyətlərin, həm də müşahidəylə əldə olunan elmi və həyati məlumatların qeydə alınmasına rəvac verdi, eyni zamanda da dünyanı sərhədlərə bölmüş insanlar arasında sərhəddən-sərhədə ünsiyyət vasitəsinə çevrildi. Və zaman-zaman aparılan qeydlər sonradan ilkin kitab formasında toplandı, beləliklə də "kitab” anlayışı meydana gəldi. Əvvəlcə kitab və kitabxana sözlərinin mənasını açıqlayaq, sonra isə daha dolğun şəkildə mahiyyətini ortaya qoyub, növlərini qeyd edər və ümumdünya kitabxanaçılıq tarixinə nəzər salarıq. "Kitab” sözü ərəb sözü olub, ərəb dilindəki "kətəbə” – (yazmaq) feilindən gəlir, yazılan mətn anlamını verir. "Kitabxana” sözü isə ərəb və fars dillərində olan "kitab” və "xana” – ev mənasını verən sözlərin birləşməsindən əmələ gəlib "kitab evi” anlamını verir. Kitab, üzərinə eyni və ya müxtləif mövzuları əhatə edən mətnlər yazılmış vərəqlərin bir araya gətirilərək, tikilib, cildlənmiş nəşriyyat növüdür. Kitab, elmi, mədəniyyəti, fəlsəfəni, poeziyanı, tarixi, dini, sosiologiyanı və.s. ümumiyyətlə hər sahəni əhatə edən məlumatları özündə əks etdirən tarixi mənbədir. Yazı mədəniyyəti kağızın əldə olunması və istehsalın çox-çox əvvəl meydana gəldiyinə görə ilk yazılı mətnlər gil lövhələr, heyvan dəriləri və daş üzərində qeyd edilirdi. Sonrakı, orta əsrlərdə aparılan elmi və antropoloji araşdırmalar zamanı məbədlərdən, monastrlardan, tarixi abidələrdən tapılan daş kitabələr, yazılı gil lövhələr və dəri üzərində olan yazılı mətnlər bunun ən bariz nümunəsdir. Mətnlərin bir araya gətirilərək kitab halına salınmasına, ilk variantda meydana gələn kitablara nəzər saldıqda görürük ki, ən qədim kitablar, əsasən, xalqların tarixini, mədəniyyətini və dini mətnləri əhatə edir.

Bəs kitabxana nədir və ilk kitabxanalar necə formalaşıb? Kitabxana, mövzusundan və növündən asılı olmayaraq kitab şəklində çap olunmuş mətnlərin, məlumat mənbələrinin toplanıb istifadə edildiyi yerdir. Bütün xalqların mədəniyyəti, onların kitabxanalarında mətn şəklində özünü əks etdirir. Ən qədim mədəniyyətlərin üzə çıxmasında, o mədəniyyətləri yaradan xalqların kitabxanaları mühüm rol oynayıb. Kitabxanaların yaranması necə baş verdi?

Haşiyədən kənara çıxıb bir məqamı qeyd edim ki, tarixin bütün dövrlərində, sənət, poeziya, elm, fəlsəfə toplumların intellektual, elit təbəqəsinin və sarayların sayəsində dəyərləndirilib, inkişaf edib və qorunub. Bir sözlə, sənət və sənətkarlıq sarayın himayəsində idi. Elə dinlər tarixinə də nəzər salanda bütün dinlərin təbliğçilərinin – peyğəmbərlərin ilk olaraq iqtidara sahib olmasını və din mədəniyyətinin saray divarları arasında qorunduğunu müşahidə edirik. Belə ki, kitabxana mədəniyyətinin də formalaşmasında sarayların və saray əhlinin birbaşa vasitəçi olması danılmaz faktdır. İlk kitabxanalar, sultanların saraylarda qoruyub saxladığı əlyazmaların, məktubların, sarayın himayəsində fəaliyyət göstərən şairlərin, elm adamlarının və tarixçilərin qələmə aldığı mətnlərin toplanıb, külliyyat şəklində saray otaqlarında saxlanması və istifadə vasitəsinə çevrilməsi nəticəsində meydana gəlib.

Ümumdünya tarixində ən qədim mədəniyyətlər olaraq hansı mədəniyyətlər nəzərə alınırsa, ilk kitabxanalar da həmin mədəniyyətləri yaradan xalqların yaşadığı coğrafiyada, qurduğu dövlətlərin ərazisində və o dövlətlərin saraylarında mövcud olub. Yuxarıda dediyimiz kimi, kitabxanalar, xalqların mədəniyyətinin göstəricisidir. Və təbii ki, ən qədim mədəniyyətlərdən sayılan Şumer mədəniyyəti kitabxanaçılıq mədəniyyətində ən əhəmiyyətli yeri tutur. Heç təsadüfi deyil ki, ən qədim kitabxana da Şumer mədəniyyətinin formalaşdığı Dəclə və Fərat çayları arasında yerləşən Mesopotamiya ərazisindən, qədim Assuriya dövlətinə məxsus olan, tarixi işğallar zamanı dağıdılan, sonrakı dövrlərdə antropoloji qazıntılar zamanı saray qalıqları arasında tapılıb. Misirdə eradan əvvəl yaradılmış İsgəndəriyyə kitabxanası isə dünyanın ən qədim kitabxanaları arasında dövrünün ən böyük kitabxanası olaraq dəyərləndirilir. Dünyanın ən qədim kitabxanalarından biri də Yunan-Roma mədəniyyətini özündə əks etdirən Kelsus kitabxanasıdır ki, həm zənginliyinə həm də böyüklüyünə görə digər qədim kitabxanalardan fərqlənir və özündə minlərlə qədim bağlamanı saxlayır. Kelsus kitabxanasında aparılan araşdırmalar sübut edir ki, o dövrlərdə Roma ərazisində bu kimi çoxlu kitabxanalar mövcud olub və Roma imperiyasında kitabxanaçılıq mədəniyyətinə böyük önəm verilib. Bu yazıda səthi məlumatları qeydə aldığımız üçün növbəti mövzularda bu kitabxanalar haqqında geniş məlumat verəcəyik.

Sivilizasiyalar inkişaf etdikcə, mədəniyyətlər formalaşdıqca, xalqların mədəniyyətini əks etdirən kitabxanaçılıq mədəniyyəti də inkişaf etmiş və antik dövrlərdən müasir dövrə kimi qurulan dövlətlərin ərazilərində kitabxanaçılıq fəaliyyətlərinin genişlənməsi bir ənənəyə çevrilmişdir. Elmin, mədəniyyətin inkişafından asılı olaraq orta əsrlərdən etibarən kitabxanıçılıq fəaliyyəti o qədər genişlənmişdir ki, bu inkişaf sonrakı dövrlərdə kitabxanaların daha da böyüməsinə,müxtəlif təhsil ocaqlarında "kitabxanaçılıq” peşəsinin yaranmasına rəvac vermişdir. Orta əsrlərdən bu günümüzə kimi zaman-zaman qurulan dövlətlər bu ənənəyə sadiq qalaraq hər biri özünün milli kitabxanasını formalaşdırmışdır. Bütün mədəniyyətlər, elmi məlumatlar, bədii əsərlər, dini mətnlər, sənət dünyasını əks etdirən nəzəri biliklər, fəlsəfi fikir modelləri yazılı mətnlər şəklində kitabxanalarda öz əskini tapır. Tarixin bütün dövrlərində inkişaf toplumların düşüncə tərzi və bu düşüncə üzərində qurduqları həyat tərzinə əsasən dəyərləndirilib ki, bu düşüncə tərzi də kitab oxucularının sayəsində formalaşıb. Kitab oxuculuğu olmayan və zəif olan xalqlar tarix boyu sivilizasiyanın inkişafından geridə qalıb və primitiv toplumlar olaraq qiymətləndirilib. Çünki kitab oxumayan toplum öz mədəniyyətindən, tarixindən, o cümlədən dünya mədəniyyətlərindən məlumatsız olur. Bu isə bəsit və kütləvi düşüncə tərzinin formalaşmasına yol açır.

Kitabxanalar dünyanın sirli məbədləridir. Bu məbədlər dünyanın ən müqəddəs məkanlarıdır.

 

                                                                                                                                                                                     Müəllif: Sahib Nəbiyev