02:03 Cümə Axşamı, 04 Iyun 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Şeyx Səfi Kitabxanası

15-03-2019 12:13
1394
Şeyx Səfi Kitabxanası

Şeyx Səfi Kitabxanası İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksinin tərkibində yaradılmışdır.

  Kompleksi Səfəviyyə sufi təriqətinin şeyxi Səfiəddinin  məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsamail Xətainin  dövründə Şeyx Səfinin türbəsinin  fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxanaya ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir.

XIV əsrin əvvəllərində yaradılan Şeyx Səfi Kitabxanası Şərqin ən zəngin və nadir kitab fonduna malik kitabxanalarından biri olub. Şeyx Səfi məqbərəsi müqəddəs məkan hesab edildiyindən burada yerləşən kitabxana həmişə toxunulmaz qalıb, müntəzəm olaraq vəqf kitabları hesabına zənginləşib.

Azərbaycan hökmdarı I Şah İsmayıl Səfəvi də bu kitabxanaya qiymətli kitablar bağışlamışdı. 1510-cu ildə Herat şəhəri ələ keçirildikdən sonra Herat xəttatlıq məktəbində hazırlanmış ən qiymətli əlyazmalar da Ərdəbil kitabxanasına gətirilmişdi. Məhz buna görədir ki, bu kitabxana o dövrdə olduqca nadir və qiymətli əlyazmalara malik olan zəngin bir kitabxanaya çevrilib, uzun müddət fəaliyyət göstərə bilib.

Tarixi mənbələrə görə, 1607-ci ildə Şah Abbas babasının kitabxanasına külli miqdarda kitab bağışlamışdı. Şeyx Səfi məqbərəsinin binası bütünlüklə dövlət tərəfindən qorunur, onun saxlanılması üçün vəsait ayrılırdı. Bu ənənə bütün Səfəvi hökmdarları tərəfindən davam etdirilmişdi.

IX əsrin əvvəllərində Rusiya imperiyasının Azərbaycana yönəlik işğalçılıq siyasəti təkcə ərazi işğalı ilə deyil, həmçinin, tarixi-mədəni dəyərlərin işğalı ilə də xarakterizə olunurdu.

Hələ XIX əsrin əvvəllərində rus şərqşünaslarının Azərbaycan kitabxanalarında olduqca qiymətli nadir kitablar saxlanması haqqında ətraflı məlumatları var idi. Onlar bu qiymətli xəzinənin əldə edilməsinə xüsusi diqqət yetirirdilər. İ.K.Yenikolopov "Qriboyedovun həyatı" adlı əsərində göstərir ki, 1827-ci ildə şərqşünas Senkovski rus qoşunlarının baş qərərgahının rəisi Qraf Dibiçə "İran kitabxanalarında saxlanılan nadir Şərq əlyazmalarının alınması haqqında" bir layihə təqdim edir. Qraf Dibiç Senkovskinin layihəsini Qafqaz canişini Paskeviçə göndərib xahiş etmişdi ki, bu məsələni nəzərdən qaçırmasın və göstərilən əlyazmaları axtarıb tapmağı, ümumiyyətlə, qiymətli əsərlərin yerini öyrənməyi Qriboyedova tapşırsın.

Bu işə böyük əhəmiyyət verən Qriboyedov uzun axtarışdan sonra istəyinə nail olur. Şeyx Səfi məqbərəsində qiymətli əlyazmaların saxlandığını bilən Qriboyedov nə cür olur-olsun bu qiymətli xəzinənin ələ keçirilməsinə çalışır. Bu dövrdə Rusiya və Qacarlar arasında müharibə davam edirdi. Ərdəbili işğal etmək və orada olan kitabxananı ələ keçirmək Qarabağda olan xüsusi qoşun dəstəsinə həvalə edilmişdi. Bu dəstəyə general Suxtelin başçılıq edirdi.

1828-ci il yanvarın 25-də general Suxtelin Ərdəbilə daxil oldu və Şeyx Səfi məqbərəsində olan ən qiymətli əlyazmaları qənimət kimi müsadirə etdi. Fevralın əvvəllərində ələ keçirilən minlərlə əlyazma iki piyada alayın mühafizəsi altında furqonlarda Tiflisə göndərildi. Peterburq Kitabxanasına göndərilməzdən əvvəl Tiflisdə əlyazmaların siyahısı tərtib edilmişdi. Güman edilir ki, siyahının tərtibində Azərbaycan tarixçisi A.A.Bakıxanov da iştirak etmişdir.

Şeyx Səfi məqbərəsinin Tiflisə gətirilmiş kitablarının siyahısı tərtib edildikdən sonra Sankt-Peterburqa göndərilmişdi. Bu kitablar o dövrdə Peterburq İmperator Kitabxanasına (indiki M.Saltıkov-Şedrin adına Rusiya Mili Kitabxanasına) verilmişdi.

Qeyd edək ki, Rusiyaya aparılan kitabların dəqiq sayı məlum olmasa da, tədqiqatçılar ən azından bu kitabların 114 cilddən çox olduğu qənaətindədir. Ərdəbildə qalan kitablar isə 1935-ci ildə (80 sandıq kitab) Tehrana aparılmışdır. Bu kitablar isə bu gün Tehranda "Muzeyi İran - Bastan"da saxlanılır.