03:19 Cümə Axşamı, 04 Iyun 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Qədim kitablar

11-06-2018 13:01
1264
Qədim kitablar

Qədim kitablar 

 


    Analitik elmin ixtirası və təcrübə ənənəsinin formalaşdığı dövrdən bu yana hər bir sahədə elmi araşdırmalar durmadan davam edir. Davam edən elmi araşdırmaların fonunda əldə edilən elmi məlumatlar da yenilənir. Məhz bu baxımdan hər hansısa bir sahədə hansı mədəni elementin daha qədim və ya daha müasir olduğunu dövrünə görə dəqiq təyin etmək mümkün deyildir. Xüsusilə mədəniyyət tarixində bu qayda daha çox təsirə malikdir. Məsələn, hər hansısa bir mədəniyyət abidəsi arxeoloji qazıntılar sayəsində tapılır və o dövrə kimi olan araşdırmalar baxımından ən qədim tarixi abidə kimi qiymətləndirilir. Bir neçə il sonra yeni bir mədəniyyət abidəsi tapılır və tədqiq edildikdə belə nəticəyə gəlinir ki, ikincinin tarixi, birincinin tarixindən daha qədimdir. Buna görə də, hansı mədəniyyət abidəsinin və ya elementinin ən qədim tarixi element kimi qiymətləndirilməsi təxmini rəqəmlərə əsaslanmalı olur. Mədəniyyət tarixinin həm tarixi abidə, həm də mədəni element baxımından ən dəyərli ünsürləri sayılan kitab və kitabxanaçılıq fəaliyyətləri eyni qaydada qiymətləndirilir. Müxtəlif zamanlarda tapılan qədim kitablar sadəcə öz üzərində qədimlik əlaməti daşıyır, hansınınsa ən qədim kitab olduğu dəqiq təyin edilə bilməyib. Biz də bu baxımdan qədim kitablara aid olan bu məqalələrimizdə ən qədim bir neçə kitab haqqında bəhs etməyi daha məqsədəuyğun hesab etdik.


     1. Ən qədim kitab:

                                      


                              Bolqarıstan Milli Tarix Muzeyində saxlanılan 2500 yaşı olan kitab


    Elmi araşdırmalar davam etdiyinə və zaman-zaman məlumatlar yeniləndiyinə görə, dünyanın ən qədim kitabının hansı olduğu dəqiq təyin edilə bilməmişdir. Bu mövzuyla bağlı hal-hazırda iki iddia mövcuddur. Bir iddiaya görə, dünyanın ən qədim kitabı e.ə. XIV əsrdə yaşayan Misir kraliçası Nefertitiyə aid olan iki səhifədən ibarət kitabdır ki, yazılı qaynaq-larda bu kitab haqqında geniş məlumatlara rast gəlinmir. Kitab taxta üzərində mixi yazı ilə qeydə alınmış iki səhifəlik mətndən ibarətdir. Tarixi məlumatlara görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Egey dənizi sahilindəki bir bataqlıqdan tapılıb, hal-hazırda Türkiyənin Bodrum ərazisində yerləşən bir tarix muzeyində saxlanılır. Digər, ikinci iddiaya görə isə dünyanın ən qədim kitabı 2003-cü ildə dünya mediasına yayımlanan, Bolqarıstanın şimal-qərbində yerləşən Sturma çayı sahilində yerləşən qədim məzarlıqdakı bir qəbirdən tapılmış 2500 illik tarixi dönəmi geridə qoyan bir kitabdır. Kitab, qəbiristanlıq yaxınlığında işləyən sıravi bir adam tərəfindən tapılıb, tarix muzeyinə təqdim olunmuş və sonralar kitabı tapan adam öz adının açıqlanmasını istəməmişdir. Cəmi 6 səhifədən ibarət olan bu kitab qədim Əttüruk dilində qələmə alınmış, döymə qızıldan hazırlanmış iki paralel qapaq içərisində yerləşdirilmişdir. Kitabın mövcudluğu və yaşı iki müstəqil elm adamı tərəfindən təsdiq olunmuşdur. Hal-hazırda Bolqarıstan Milli Tarix Muzeyində saxlanılır.


      2. Hippokratın əlyazmaları:

     Dünyanın ən qədim kitablarından biri də Misirdə Sina dağının ətəklərində yerləşən Aziza Katerina monastırından tapılmış, böyük yunan filosofu, "tibb elminin atası” ləqəbini almış Hippokrata məxsus olan şəxsi əlyazmalardan ibarət bağlamadır. Bu mətnlər toplusu bir əsrdən çox Aziza Katerina məbədində aparılan elmi araşdırmaların nəticəsində tapılmışdır. Monastırda 2011-ci ildə aparılan restavrasiya işləri əsnasında monastırın iç divarlarından biri aşır və divarın təməl hissəsində bir yeraltı tunel aşkarlanır. Sonrakı tədqiqatlar bu tunelin qədim bir kitabxanaya aid məskən olduğunu aşkarlayır. Kitabxanadan bir neçə qədim əlyazma və Hippokratın 1500 illik bir tarixi olan tibb və fəlsəfəyə dair məlumatları əks etdirən şəxsi əlyazmaları tapılır.

 

                                                    

                                                Hippokratın 1500 illik əlyazması


     Misir Qədim Əlyazmalar Nazirliyinin nazir müavini Məhəmməd Əbdüllətif əlyazmaların nəticəsi olaraq, Hippokratın əksəriyyət etibarilə özündə tibbə dair məlumatları və baş verəcək xəstəliklərin qarşısını almaq üçün verdiyi proqnozları əks etdirən əlyazmalarından ibarət olan bu kitabın vaxtilə palmest (kəhanət) olaraq bilinən, V-VI əsrlərə aid olan bir kitab olduğunu bildirir. İncələmədən sonra məlum olmuşdur ki, əlyazmalarda yer alan tibbi məlumatların əksəriyyəti sonrakı dövrlərdə Hippokratın fikirləri əsasında tətbiq olunan tibbi üsullarla tam olaraq üst-üstə düşür. Dəri üzərində anlaşılan dildə, xüsusi üslubla yazılmış bu əlyazmanın tərtibatı, əsərin hər iki yazı layının tədqiq edilməsinə şərait yaradır. Tədqiqatçıların fikrincə, o dövrlərdə dərinin həm aşılanması, həm də maddi baxımdan çətin olması səbəbilə əlyazmanın birinci mətni, ikinci mətnə yer açmaq üçün qismən silinmişdir. Əlyazmada, o cümlədən müalicəvi əhəmiyyəti olan bitkilər və onlardan istifadə üsulları haqqında da məlumatlar mövcuddur. Bağlamanın içərisindən tapılan ikinci əlyazmada isə "Sina əlyazması” olaraq bilinən İncil mətnləri yer alır.

E.ə. 460-375-ci illərdə Qədim Yunanıstan ərazisində yerləşən Kos adasında yaşamış Hippokratın tibb elminə dair 60 əlyazması günümüzə qədər gəlib çatmışdır.

Müəllif: Sahib Altay