07:19 Cümə Axşamı, 03 Dekabr 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Perqamon (Berqama) Kral Kitabxanası

16-07-2018 14:03
740
Perqamon (Berqama) Kral Kitabxanası

                                                   Perqamon (Berqama) Kral Kitabxanası


     Qədim mədəniyyətləri, tarixi abidələri, yazı mədəniyyətinə dair elementləri, kitab və kitabxanaçılıq fəaliyyətlərini araşdırğımız zaman belə qənaətə gəlmək olur ki, qədim Mesopo-tamiya, Misir, Yunanıstanla yanaşı Anadolu ərazisi də mühüm əhəmiyyət daşıyır. Ümum-dünya mədəniyyət tarixində xüsusi bir mövqeyə sahib olan bu ərazilər kimi, Anadolu ərazisi də köklü mədəniyyətin formalaşdığı coğrafi mövqelərdən biridir. Burada köklü mədəniyyətin formalaşması üçün heç bir baxımdan gizli qalmayan və tam olaraq analiz olunduqda ortaya çıxan səbəbləri görürük. Bu səbəblərdən bir neçəsini xarakterizə edə bilərik. Təbii ki, ilkin səbəb dünyanın hər yerində hər zaman elmin və sənətin keşiyində duran dövlət və dövlətçilik məsəsləsidir ki, Anadolu ərazisində tarixən müxtəlif böyük krallıqların, dövlətlərin, imperiyaların qurulması bu ərazidə köklü mədəniyyətin formalaşmasına zəmin yaratmışdır. Bu baxımdan, Anadolunun vaxtilə qədim Roma imperiyasının ərazisi olması, yunan mədəniyyətindən yararlanması, Romanın hər yerində olduğu kimi, Anadoluda da mədəni intibaha təkan verilib, gimnaziya, məktəb və kitabxana binalarının tikilməsi ən önəmli səbəblərdən biridir. Mədəniyyətlərin bir ərazidə formalaşıb başqa ərazilərə də yayılması isə mədəniyyət tarixində ən geniş araşdırma mövzularından biridir. Müxtəlif ərazilərdə aparılan arxeoloji qazıntılar, elmi tədqiqatlar göstərir ki, ümümdünya tarixində müasir elmi intibah dövrünə və texnoloji inkişafa kimi mədəniyyətlərin daşınması və mənimsənilməsi iki üsulla baş vermişdir: hərbi yürüşlər, işğallar və dəniz ticarəti vasitəsilə. Anadolunun da coğrafi ərazi olaraq dənizlə əhatə olunması və buranın vaxtilə dəniz ticarəti üçün əlverişli coğrafi ərazi olması bu əraziyə müxtəlif mədəniyyətlərin birləşməsinə və bu ərazidən müxtəlif mədəni elementlərin başqa ərazilərə aparılmasına və ya köçürülməsinə səbəb olmuşdur.

 


     Anadolu haqqında məlumat verməyimizin səbəbi budur ki, bu yazımızda Anadolu ərazisindən tapılmış və dünyanın ən qədim kitabxanalarından sayılan bir kitabxanadan- Per-qamon (Berqama) kitabxanasından danışacağıq.

Perqamon və ya Berqama krallığı Qərbi Anadoluda qurulmuş bir dövlətdir. Mərkəzi Perqamon şəhəri olmuşdur. Krallıq e.ə. 241-ci ildə I Attalos tərəfindən qurulmuşdur. Əslində dövlətin ilk hökmdarları Filetairus və Eumenes olub, sadəcə olaraq bu şəxslər özlərini kral adlandırmadıqları üçün, krallığın quruluş tarixi I Attalosun taxta çıxdığı vaxtdan hesablanmış və krallığın quruculuğu da onun adına bağlanmışdır. I Attalosdan sonra hakimiyyətə növbə ilə onun oğulları II Eumenes və II Attalos gəlmiş, onların dönəmində Perqamon krallığı bu coğrafiyanın ən əzəmətli dövlətinə çevrilmişdir. Görkəmli Zevs məbədi və Perqamon kitabxanası da bu dövrlərdə tikilmişdir. Eyni zamanda Perqamon krallığında heykəltəraşlıq, tibb və əczaçılıq o dövrün intibahına nisbətən geniş inkişaf səviyyəsinə gəlib çatmışdır. Əmisi II Attalosun vəfatından sonra taxta keçən III Attalosun siyasi idarəetmə bacarığı olmadığından onun hakimiyyəti dövründə Perqamon krallığı tədricən zəifləməyə başlamışdır. Eyni zamanda dövrün hakimiyyət prinsiplərinə görə hakimiyyət irsi olaraq vəliəhdlik yoluyla ötürüldüyü halda III Attalosun varisi, davamçısı yox idi. Məhz bu səbəbdən də Perqamonu Romaya vəsiyyət edir. II Eumenesin qeyri-qanuni oğlu olaraq tanınan Aristonikos bu qərarı tanımır, özünü III Eumenes adıyla kral elan edərək Romaya qarşı üsyan çıxarır. E.ə. 129-cu ildə o, Romaya məğlub olub əsir düşmüş, bununla da Perqamon krallığı tam olaraq Romanın nəzarəti altına keçmiş və Roma imperiyasının Asiya vilayəti olaraq tanınmışdır.

 


    Perqamon krallığının tarixində mühüm əhəmiyyətə malik olan bir neçə tarixi abidə mövcuddur ki, bu abidələr vaxtilə krallığın və həmsərhəd ərazidə yaşayan əhalinin zehni inkişafını təmin etmək üçün tədris mərkəzləri olaraq fəaliyyət göstərmişlər. Qeyd etdiyimiz bu tarixi abidələrdən ən önəmlisi isə krallığın mərkəzi olan Perqamon şəhərində yerləşən böyük kitabxana idi. Anadolunun ən qədim və ən zəngin kitabxanası olan Perqamon (Berqama) kral kitabxanası Perqamon kralı II Eumenes (e.ə. 197-159) tərəfindən inşa etdirilmişdir. Bu günkü Berqamada qurulan Perqamon krallığı, klassik memarlığın ən gözəl örnəkləri olan məbəd və saraylarla yerləşdiyi ərazidə dövrün ən böyük mədəni intibah səviyyəsini nümayiş etdirmişdir. Təbii ki, bu mədəniyyət abidələri içərisində ən önəmlisi, həm tədris mərkəzi kimi istifadə olunan, həm də dəniz yolu vasitəsilə müxtəlif ölkələrdən bu coğrafiyaya gələn tacirlərin, qonaqların böyük marağına səbəb olan Perqamon kitabxanası idi. Kitabxananın binası e.ə. II əsrdə genişləndirilmiş, təkcə kitabxana kimi yox, həm də mədəniyyət və sənət mərkəzi kimi istifadə olunmuşdur.

Perqamon kitabxanası BerqamadaAthena məbədi yaxınlığında, sütunlu bağlamalarla əhatə olunmuş bir açıq ərazidə yerləşir. Kitabxana əvvəllər şərq-qərb, hər iki istiqamətdə yerləşən iki-iki bölünmüş dörd otaqdan ibarət olmuşdur. Kitabxananın şərq istiqamətində yerləşən böyük salonu oxu zalı olmuşdur. Bu otağın bu günümüzə kimi gəlib çatmış divarlarının iç hissəsindən yerdən 2.20 m hündürlükdə, aralarında bir metr məsafə olan, ardıcıl düzülmüş kitab rəflərinin yerləri tapılmışdır. Cənub-şərq və qərb divarlarından isə 50 sm məsafədə yerləşən 1 m enində bir təməlin olduğu aşkarlanmışdır. Beləcə taxta rəflərin, divarın 50 sm önündə 1 m hündürlüyündə bir təməl üzərində yerləşdiyi və qalın dayaqlarla divara paralel olaraq otağın üç tərəfini əhatə etdiyi qənaətinə gəlinir. Rəflərin divarlara toxunmaması və rəflərlə divarlar arasında boşluq buraxılması, eyni zamanda çölə doğru dəliklərin olması, kitabları rütubətdən qorumaq üçün əvvəlcədən tədbir görüldüyünü göstərir.



     Kitabxana binasından müxtəlif memarlıq nümunələrinin, o cümlədən çox sayda heykəllərin tapılması və xüsusilə hal-hazırda Berlin muzeyində qorunan Athena heykəlinin buradan tapılması kitaqbxana binasında tanrı heykəllərinin və o dövrün böyük şair və yazıçılarının, mədəniyyət və incəsənət xadimlərinin də burada heykəl və büstlərinin olduğu fikrini formalaşdırır.

 

                                          

 

 


                 Athena heykəli                                                                             Athena məbədi


     Sonrakı dövrlərdə bu coğrafiyada inşa olunan kitabxanalarda geniş yayılmış, kitabxana binalarının heykəllərlə bəzədilməsi və kitabları rəflərdə dik ardıcıl düzmək ənənəsi Berqama kitabxanasından götürülmüşdür. Perqamon kitabxanası həm də yazı mədəniyyəti sahəsində tədqiqat mərkəzi kimi də istifadə olunduğu üçün bu coğrafiyada ayrı-ayrı yazılı mətnlərin kitab formasına salınması və oxuculuq fəaliyyətinin kitab mərhələsinə çatdırılması da ilk dəfə bu kitabxanada baş vermişdir. Çünki kitabçılıq fəaliyyətinə aid olan bir çox elementlər- səhifə, kodeks və.s. ilk dəfə Perqamon kitabxanasında icad edilmişdir.

Perqamon kitabxanasına dair məlumatlar XX əsrin ortalarında bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı tam olaraq tədqiq olunub üzə çıxmış, kitabxana binasından tapılan Athena heykəliylə birlikdə bir çox heykəllər və memarlıq nümunələri hal-hazırda Berlin muzeyində saxlanılır.

 

Müəllif: Sahib Altay