02:19 Cümə Axşamı, 04 Iyun 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

NYSA GİMNAZİYA KİTABXANASI

16-07-2018 13:47
494
NYSA GİMNAZİYA KİTABXANASI

                                             Nysa (Sultanhisar) Gimnaziya Kitabxanası


    Mədəniyyətlərin ana sütunları sayılan, onları qoruyan və yaşadan məbədləri-kitab-xanaları tədqiq etdikcə bir-birindən maraqlı və dəyərli məlumatlarla qarşılaşırıq. Bu tədqiqatlar bizə əsrlərlə ən qədim mədəniyyətləri əks etdirən yazılı mətnləri özündə sirr olaraq saxlayan kitabxanaların mahiyyətini və onların saxladığı sirləri öyrədir. Bu məqaləmizdə də tarixin ən qədim və önəmli kitab məbədlərindən birindən, Nysa (Sultanhisar) kitabxanasından bəhs edəcəyik. Əvvəla bir məqamı qeyd edək ki, qədim Roma imperiyası ərazilərində aparılan arxeoloji qazıntıların nəticəsində məlum olmuşdur ki, bu geniş coğrafiyada demək olar hər bir şəhərdə ən azı bir dənə kitabxana binası mövcud olmuş və bu binalar, demək olar, eyni memarlıq üslubunda inşa edilmişdir. Çox təəssüf ki, bu kitabxanaların hamısı günümüzə qədər gəlib çatmamış, arxeoloji qazıntılar zamanı tapılan kitabxana binalarında isə dağıntılar çox olduğundan əksəriyyəti haqqında geniş məlumat toplamaq mümkün olmamışdır. Haqqında bəhs edəcəyimiz kitabxana da qədim Roma imperiyasına məxsus Nysa şəhəri ərazisindən tapılmış, tarixi və fəaliyyətləri barəsində o qədər geniş məlumatlar olmayan bir tarixi abidədir.

  

    Nysa şəhəri, Anadolu ərazisində, Aydın – dənizli qarayolu üzərində, Aydın vilayətinin 30 km şərqində, qədim Qariə sərhəddində yerləşən, qədim Roma imperiyasının ən önəmli mədəniyyət mərkəzlərindən biridir. Şəhər e.ə. III əsrin birinci yarısında Suriya kralı Seleukosun oğlu I Antiokos tərəfindən qurulmuş və şəhərə Antiokosun həyat yoldaşı Nysanın adı verilmişdir. Osmanlı imperiyası zamanında bu ərazi Sultanhisar adıyla tanınırdı. Nysanın yerləşdiyi Qariə bölgəsi İsgəndərin vəfatından sonra Suriya krallığına aid olmuş, daha sonra isə Perqamon krallığının tabeçiliyinə keçmişdir. Perqamonun son kralı III Atalosun ölüm yatağında öz krallığının Romaya birləşdirilməsini vəsiyyət etməsi Qariə bölgəsinin də Romanın tabeçiliyinə keçməsinə səbəb olmuşdur. Daha sonra Perqamon torpaqlarını birləşdirib, bu ərazinin Roma tərəfindən ayrılıqda bir Asiya əyaləti kimi tanınması Qariə bölgəsinin bu əyalətin ən önəmli bir coğrafi mövqe kimi dəyərləndirilməsinə rəvac vermişdir.


    Bu bölgədə aparılan arxeoloji qazıntılar göstərir ki, Nysa (Sultanhisar) şəhəri bu ərazidə mühüm coğrafi əhəmiyyət kəsb edirdi. Şəhər dəniz yolu üzərində yerləşdiyindən, həm dəniz ticarəti, həm də dəniz yolu ilə buraya uzaq əyalətlərdən gələn insanların yeni mədəniyyətlə tanış olması və təhsil alması baxmından ən əlverişli bir coğrafi mövqe rolunu oyanıyırdı. Ərazidə aparılan tədqiqatlar əsnasında buradan tapılan üç mühüm tarixi abidə elm adamlarının böyük marağına səbəb olmuş və bu ərazidə tədqiqatların günümüzə qədər davam etməsini təmin etmişdir. Həmin tarixi abidələr – açıq havada tikilmiş teatr səhnəsi, gimnaziya binası və kitabxanadır. Qeyd edək ki, hər üç tarixi abidə yunan memarlıq üslubunda inşa edilmişdir. Kitabxana binasının gimnaziya binasının yaxınlığında yerləşməsi onu göstərir ki, bu kitabxana gimnaziyanın tərkibində təsis edilmiş və gimnaziyanın dərs vəsaitini təmin edən bir kitab fondu olaraq fəaliyyət göstərmişdir.


    Gimnaziya kitabxanası ilə əlaqədar məlumatları incələməmişdən öncə qısa da olsa gimnaziyalar haqqında məlumat vermək önəmlidir. Qədim yunan-Roma mədəniyyətində kişilərin həm zəka, həm də fiziki gücünün inkişaf etdirilməsinə xüsusi önəm verildiyi üçün təhsil və idman təlimlərini bir araya gətirib xüsusi tədris mərkəzləri yaratmışdılar ki, bu binalara da gimnaziya adı verilmişdir. Qədim dövrlərdə, demək olar, bütün yunan kəndlərində və şəhərlərində kiçik də olsa bir gimnaziya binasına rast gəlinirdi. Xüsusilə də bu ənənə e.ə. IV əsrdən başlayaraq Ellinizm dönəmində xüsusi əhəmiyyət kəsb edirdi.


    Romalılar, yuxarıda da qeyd etdiyimiz kimi Ellin mədəniyyətindən uzun müddət yararlanmış və bir çox sahələrdə onların yazılı mənbələrindən istifadə etmişlər. Təbii ki, romalıların Ellin mədəniyyətindən faydalanmaları kitabxanaçılıq fəaliyyətində də özünü göstərir. Romada, demək olar, əksər imperatorlar elmə və mədəniyyətə xüsusi önəm verirdi. İmperiya tarixində Ellin mədəniyyət və memarlıq üslubundan təsirlənərək yüksək səviyyəli məktəb binalarıyla birlikdə, ya bu məktəblərin tərkibində, ya da xüsusi kitabxana binaları inşa edilmişdir. Beləliklə, imperatorluq dönəminin müsbət nəticəsi olaraq Romada aparılan quruculuq işləri imperiyanın böyük şəhərlərilə yanaşı, əyalət və koloniyalarda da yüksək səviyyədə yerinə yetirilirdi. İmperiyanın kiçik əyalət və kəndlərində inşa edilən məktəb və kitabxana binaları bunun əyani sübutudur. Bu tarixi abidələr görünüşcə eyni memarlıq üslubunda inşa edilsə də, kitabxanaların daxili bölmələri baxımından müəyyən fərqliliklər nəzərə çarpırdı. Belə ki, Romadakı kitabxanalardan fərqli olaraq əyalət və kəndlərdə təsis edilmiş kitabxanalarda Yunan və Latın bölmələri ayrılırdı.


    Nysanın elmi və ədəbi fəaliyyətlər üçün məktəb rolunu oyanamasında, antik dövr Anadolusunun ən önəmli mədəniyyət mərkəzlərindən biri kimi qiymətləndirlməsində şəhərdə fəaliyyət göstərən gimnaziya kitabxanası mühim rol oynayır.

Ömrünü coğrafi səyahətlərə həsr etmiş böyük yunan tarixçisi, coğrafişünas alim, səyyah Strabon da bir müddət Nysada yaşamış, burada təhsil almışdır. Öz qeydlərində Nysanın dəniz yolu üzərində yerləşən coğrafi mövqe kimi əhəmiyətindən, onun Kiçik Asiya əyalətində böyük mədəniyyət mərkəzi olmasındanbəhs edən Strabon, habelə şəhərdəki teatr səhnəsindən, böyük məktəb binasından və gimnaziya kitabxanasından söz açaraq, bu coğrafiyada yetişmiş bir çox elm və mədəniyyət adamlarının Nysada təhsil aldığını bildirir.


    Nysada ilk arxeoloji qazıntılar 1907-ci ildə alman tədqiqatçı Volter von Diestin rəhbərliyi altında fəaliyyət göstərən tədqiqatçı qrup tərəfindən aparılmağa başlanılmış, 1908-ci ildə ilk olaraq gimnaziya kitabxanasının bir hissəsi tapılmışdır. Lakin cəmi bir il sürən bu tədqiqat nəticəsində əldə olunan qısa məlumatlar antik dövr Nysa kitabxanası haqqında geniş təsəvvür yaratmağa imkan vermir. İki il müddətində aparılan qazıntı işləri gözlənilən müsbət nəticəni vermədiyi üçün bir müddət dayandırılır. Sonralar elmi konfranslarda Nysada aparılan qazıntıların davam etdirilməsi yenidən gündəmə gətirilir, günü-gündən çökmək təhlükəsi artan kitabxana binasında tədqiqat işlərinin davam etdirilməsinə, nəhayət ki, qərar verilir. 1995-ci ildən etibarən Freiburg Albert-Ludwig universitetinin və Türkiyə Arxeoloji institutunun nümayəndələri tərəfindən geniş qazıntı və restavrasiya işlərinə başlanılır. 2002-ci ilə qədər aparılan qazıntı işləri nəticəsində kitabxana və şəhərdəki digər mədəniyyət abidələri haqqında geniş məlumatlar əldə olunur. Tədqiqatların nəticəsi göstərir ki, Nysada yerləşən gimnaziya kitabxanasının görünüşü, binanın daxili və xarici quruluşu, memarlıq üslubu Efesdə yerləşən Kelsus kitabxanasının memarlıq üslubu və görünüşüylə eynilik təşkil edir. Kelsus kitabxanası kimi eynilə, Nysa kitabxanası da iki mərtəbədən ibarətdir, ikinci mərtəbədə kitabların yerləşdirilməsi üçün divarda oyma üsulu ilərəflər hazırlanmış, birinci və ikinci mərtəbənin pəncərələri ilə qapıları paralel olaraq yerləşdirilmişdir. Əksər antik dövr kitabxanalarında rast gəlinən ənənəvi üsul; ön fasadın Şərqə- günəşin doğduğu yerə yönəlmiş formada olması (səhər günəşi və tez oyananları salamlamaq mənasında), Kelsus və Perqamon kitabxanalarında olduğu kimi, Nysa kitabxanasında da müşahidə olunur. Kitabxananın ikinci mərtəbəsində kitabların, papirus və perqamentlərin nəmdən qorunması üçün divarlar ikili işlənilib, aralarında hava keçməsi üçün keçidlər və boşluqlar buraxılıb. Lakin müəyyən fərqlər də nəzər çarpmaqdadır; məsələn, Nysa kitabxanasının Kelsusla müqayisədə qismən sadə memarlıq ülubunda tikilməsi, binanın ərazisinin qismən kiçik olması və.s. kimi.


    Qədim dövr kitabxana binalarının, digər tarixi abidələr kimi, dövrün memarlıq üslubuna uyğun olaraq müxtəlif cəlbedici naxış və fiqurlarla bəzədilməsi də xüsusi diqqət cəlb edən məqamlardan biridir. Xüsusilə Roma kitabxanalarına xas bir məqamı qeyd edək ki, imperatorun, şəhər və əyalət valilərinin, yüksək çinli məmurların, görkəmli şəxslərin və.s. adlarını yaşatmaq məqsədilə heykəllərini hazırlayıb Romanın istər şəhər, istərsə də əyalət və kənd kitabxanalarında saxlayırdılar. Nysadakı gimnaziya kitabxanasının giriş hissəsində düzbucaqlı çərçivədə yerləşdirilən heykəl də bunun bariz nümunəsidir.

Son olaraq bunu deyə bilərik ki, Romanın imperatorluq dövründə Kiçik Asiyada yerləşən qədim Qariə bölgəsinin Nysa şəhərində yerləşən gimnzayia kitabxanasının tədqiq edilməsi və incələnməsi həm kitabxanaçılıq tarixinə, həm də elm və mədəniyyət tarixinə önəmli məlumat və faydalar vermişdir. O cümlədən müasir dövrdə şahidi olduğumuz məktəb kitabxanaçılığı ənənəsinin də tarixin qədim dövrlərindən günümüzə qədər gəlib çatmış olduğunu öyrəndik.

 

 

Müəllif:Sahib Nəbiyev