10:11 çərşənbə Axşamı, 07 Iyul 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

London Beynəlxalq kitab sərgisi – 2014

16-04-2014 11:27
389
London Beynəlxalq kitab sərgisi – 2014
 London, 8 aprel (AZƏRTAC). Aprelin 8-də Londonda növbəti Beynəlxalq kitab sərgisi açılmışdır.
 Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin (AZICS) təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan sərgidə təmsil olunur.
 1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan, 40 ildən çox müddətdə uğurla fəaliyyət göstərən sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak etmişdir.
 

 
 Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti London Beynəlxalq kitab sərgisinə ilk dəfə 2009-cu ildə qatılmışdır. London sərgisində Azərbaycanın tarixindən, mədəniyyətindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edən kitablar iştirakçılarda böyük maraq doğurmuşdur. Nazirlik yarandığı gündən ölkədə kitab nəşri işinə xüsusi diqqət göstərmiş, bu sahənin azad düşüncə müstəvisində dünya standartlarına uyğun inkişafı və Azərbaycan kitabının beynəlxalq aləmdə tanıdılması üçün mühüm işlər görmüşdür.
 Londonda keçirilən sərgidə iştirak zəngin milli mədəniyyətimizin, ölkəmizin sürətlə inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ümumən respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm vasitədir.
 Azərbaycanın uğurlu mədəniyyət siyasəti nəticəsində ölkədə kitab nəşri və poliqrafiya məhsullarının istehsalı sahəsində bir çox uğurlar əldə edilmiş, sahənin inkişafına təkan verən lazımi şərait yaradılmışdır. Prezident İlham Əliyevin kitab nəşri, kitabın təbliği, yayılması və qorunmasına, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsi ilə bağlı qərar və göstərişləri əhalinin çap məhsulları ilə təmin olunmasında mühüm rol oynamışdır. Azərbaycan kitabı müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlmiş, beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil və təbliğ olunmuşdur. Hazırda bu proses davam etməkdədir.
 Bu il London kitab sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, həmin şöbənin aparıcı məsləhətçisi Lalə Məmmədova və AZICS-in sədri Sənan Əliyev təmsil edirlər.
 

 
 Milli ekspozisiyamızı təşkil etmək məqsədi ilə sərgidə 30 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılmışdır. Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur. Stendimizdə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, kütləvi tirajla nəşr olunmuş dünya ədəbiyyatı nümunələrinə üstünlük verilmişdir. Bu il ilk dəfə olaraq ölkəmizin "Hədəf” və "Qələm” nəşriyyatlarının kitabları sərgidə nümayiş etdirilir.
 Azərbaycan üçün ayrılmış stenddə, həmçinin "Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı plakatlar yerləşdirilmiş, maraqlananlara ölkəmizin ev sahibliyini edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır.
 Bundan əlavə, Azərbaycanın, tarixi, mədəniyyəti, turizm imkanları və adət-ənənələrimizdən bəhs edən videoçarx nümayiş olunur.
 Maraqlananlara ölkəmizin mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə olunur.
Sərgi aprelin 10-dək davam edəcəkdir.

 Orxan İsmayılov
 AZƏRTAC-ın xüsusi müxbiri
 London