23:16 çərşənbə, 17 Iyul 2019
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Ölkəmiz İstanbulda keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisində layiqincə təmsil olunub

14-11-2018 18:45
851
Ölkəmiz İstanbulda keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisində layiqincə təmsil olunub
                                              

                 Ölkəmiz İstanbulda keçirilən 37-ci Beynəlxalq Kitab Sərgisində layiqincə təmsil olunub

    10 noyabr 2018-ci il tarixində 37-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş konsulluğumuzun dəstəyi ilə sərgidə ölkəmiz geniş sahədə qurulmuş xüsusi stendlə təmsil olunub.

"Həyatı ədəbiyyatla əhatə edək" mövzusunda keçirilən builki sərgiyə xarici və yerli iştirakçılardan ibarət 800-dən çox təşkilat qatılıb. Kitab sərgisinin "Fəxri yazarı" Selim İleridir. Azərbaycan bölməsində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və yerli nəşriyyatlar tərəfindən çap olunmuş, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını, musiqisini, memarlığını, multikultural dəyərlərini, dövlətçilik və tolerantlıq ənənələrini əks etdirən 350 adda çap məhsulu sərgilənib.

Eyni zamanda, stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitablardan ibarət xüsusi guşə yaradılıb. Guşədə Cümhuriyyətimizin tarixini özündə ehtiva edən nadir nəşrlər nümayiş olunub. Bundan başqa, Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi çərçivəsində Türkiyədə fəaliyyət göstərən "Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən türk dilində çap edilən 36 adda kitab da ziyarətçilərə təqdim edilib.

Azərbaycan bölməsində, həmçinin "Kaspi nəşrləri" seriyasından maraqlı kitablar sərgilənib. "Kaspi" qəzeti və "Kaspi" Təhsil Şirkətinin dəstəyi ilə çap olunan bu kitablar dörd dildədir. Burada sərgilənən "Kaspi nəşrləri" - ulu öndər Heydər Əliyevin zəngin və mənalı ömrünə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına, mətbuat tarixinə və dahi şair Hüseyn Cavidə aid kitablar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Stenddə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, nadir tarixi və memarlıq abidələrini, müasir görkəmini əks etdirən videoçarxlar nümayiş olunub.

Sərgi çərçivəsində bölməmizdə Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən bir sıra birgə tədbirlər planlaşdırılıb.

Qeyd edək ki, sərgi noyabrın 13-dək davam edib. Azərbaycan bölməsində nümayiş olunan kitabların əsas hissəsi sərginin sonunda ziyarətçilərə paylanılıb.

* * *

Nəzərinizə çatdırırıq ki, Beynəlxalq Sərgi çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan "Mübariz” romanının imza günü keçirilib. İmza günü sərgidə fəaliyyət göstərən Azərbaycan bölməsində təşkil olunub.

Türkiyəli yazıçı Yurtsevən Şən tərəfindən qələmə alınan əsər Mədəniyyət Nazirliyinin həyata keçirdiyi "Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinin tərəfdaşı olan "Zəngin yayıncılıq” nəşriyyatında çap olunub.

Əsərdə Mübariz İbrahimovun həyatı real hadisələr əsasında yüksək bədii peşəkarlıqla işıqlandırılıb.

Romanın Türkiyədə böyük rəğbət qazanmasının əsas səbəblərindən biri xalqımızın qəhrəman oğlu Mübariz İbrahimovun qardaş ölkədə tanınması və Azərbaycan şəhidinə göstərilən sonsuz ehtiramdır.

* * *

Sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Orxan Kamal Xalq Kitabxanasının müdiri Süheyla Acarla görüşüb. Süheyla Acar nazirliyin əməkdaşlarını kitabxananın oxu zalı, kitab fondu, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və kartoteka sistemi ilə tanış edib. 

Daha sonra Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov Azərbaycan kitabxanalarının və nəşriyyatlarının iş sistemi, kitabların qorunub saxlanılması, dövriyyəsi haqqında məlumat verib.

Görüşdə hər iki ölkənin kitabxanaları arasında qarşılıqlı əməkdaşlığın yaradılması, kitab mübadiləsinin aparılması və digər məsələlər müzakirə olunub.