07:17 Cümə Axşamı, 03 Dekabr 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

KORDOVA SARAY KITABXANASI

16-07-2018 13:27
707
KORDOVA SARAY KITABXANASI

                                                        Kordova (İspaniya) Saray Kitabxanası

Əndəlüs Əməvi dövləti – Avropa ərazisində qurulmuş, 700 ilə yaxın İspaniyaya hakim olmuş və bu ərazilərdə həm İslamın təbliğ olunmasında, həm də böyük bir mədəni intibaha səbəb olmuş müsəlman krallığıdır. Doğrudur, müsəlmanların İspaniya ərazisinə gəlişi Tariq ibn Ziyadın adı ilə bağlıdır, ancaq bundan öncə müsəlmanların qarşısında duran ilk vəzifə Şimali Afrikaya sahib olmaq idi. Buranın yerli əhalisi olan bərbərilərin İslamı qəbul etmək-lərinə baxmayaraq, yenə də zaman-zaman üsyan çıxarırdılar. İspaniyanın fəthi birinci mərhələdə, 700-cü illərin başlanğıcında ərəblərin İber yarımadasını ələ keçirib İspaniya sərhədlərində dayandırılmasıyla başa çatdı. Bir məqamı da qeyd edək ki, o dövr üçün İspaniya dediyimiz ərazi əslində frank krallığıdır. Yəni bu bölgə heç də onların ana vətəni deyildi. Hər nə qədər bu düşüncədə olub, 15-ci əsrdə ispanyollar "yenidən fəth” adıyla müsəlmanların üzə-rinə hücuma keçsələr də, əslində özləri də yarımadaya ərəblərdən 3 əsr öncə yerləşmişdilər.
Əməvilər sülaləsinin 750-ci ildə süqut etməsilə yerinə Abbasilər sülaləsi keçdi. Əməvilərin son xəlifəsi olan Abdurrahman bin Muaviyə Əndəlüsə (İspaniyaya) qaçaraq burada Əndəlüs Əməvi dövlətini qurdu. Bu dövlət 284 il öz varlığını qoruyub saxladı. Dövlətin qurulmasından az sonra ordu gücləndirildi, təsərrüfat və sənaye inkişaf etdirilməyə başladı, Əndəlüsdən İstanbula qədər iqtisadi münasibətlər quruldu, çoxlu sayda yollar, mədrəsələr, məscidlər tikildi.
 

Günü-gündən inkişaf edən Əndəlüs əməviləri III Abdurrahman Hadurinin dövründə siyasi baxımdan Abbasi asılılığından tamamilə qurtularaq müstəqil xəlifəliyini elan etmişdi. Bu dövrdə onlar xristian ordularına qalib gəlib, eyni zamanda siyasi, iqtisadi və fikri üstünlüyün zirvəsinə yetişdi. İslamı İspaniya vasitəsilə Avropaya yaydılar. Fəs, Qərnət, Kordova universitetlərini qurub elmi bilikləri inkişaf etdirdilər. Bu gün Avropada inkişaf etmiş bir çox elm sahələrinin, xüsusilə də tibbin və astronomiyanın təməlləri o dövrlərdə qoyulmuşdu.
Kordova- Əndəlüs Əməvi (İspaniya) dövlətinin  ərazisinə və əhalisinin sayına görə ən böyük, ən zəngin və ən gözəl mədəniyyət mərkəzlərindən biridir. X əsrdə bu şəhərdə əhalinin sayı beş yüz minə çatmışdı. O dövrdə şəhərdə yeddi yüz məscid, altmış min ev, doqquz yüz hamam, yеtmiş kitabxana (onların birində bеş yüz min əlyazma kitab vardı) fəaliyyət göstərirdi. Avropada ilk dəfə, Kordovanın küçələrində gecə lampaları quraşdırılmışdı.
İstər Kordovada, istərsə də digər şəhərlərdə saysız kitabxana binalarının inşa olun-masına və zəngin kitabxanaların təsis edilməsinə baxmayaraq, şübhəsiz ki, müsəlman İspaniyada fəaliyyət göstərən ən böyük və ən zəngin kitabxana Kordovada yerləşən saray kitabxanasıdır. Əndəlüs Əməvi dövlətinin qurulduğu vaxtdan etibarən yavaş-yavaş forma-laşan bu kitabxana, xüsusilə II Abdurrahman, III Abdurrahman və II Hakəmin xəlifəliyi dövründə inkişaf etdirilib Orta dövr İslam dünyasının ən böyük kitabxanası halına gətiril-mişdir.

 
 
 II Hakəm, Əndəlüs Əməvi xəlifələri içərisində elmi fəaliyyətlərə və mədəni intibaha ən çox maraq göstərən xəlifə olaraq tanınır. Xəlifə, Şərqədki müxtəlif mədəniyyət mərkəzlərinə göndərdiyi elçiləri və tədqiqatçı heyətlər vasitəsilə saysız kitablar satın alaraq öz kitabxanasını zənginləşdirir. Hökmdar olduğu zaman, atası III Abdurrahmandan miras qalan Kordova saray kitabxanasından əlavə, bu kitabxanaya nisbətən kiçik olan iki əlavə kitab kolleksiyası da mövcud olmuşdur ki, bunlardan biri qardaşı Məhəmmədə, digəri isə özünə aiddir. II Hakəm mövcud saray kitabxanasıyla birlikdə digər iki kolleksiyanı da birləşdirib böyük və zəngin bir saray kitabxanası təsis edir. Kitabxanada 400. 000-dən artıq kitabın olduğu bildirilir. Və günü-gündən zənginləşən kitabxananın binasında bir müddət sonra darısqallıq olduğuna görə, yeni bir kitabxana binası inşa edilib, kitabxana altı ay müddətində oraya köçürülmüşdür.
Orta əsr İslam dünyasının ən böyük elm və mədəniyyət məbədi olan bu kitabxanada satın alınan kitablarla birlikdə, əlyazma üsulu ilə çoxaldılan kitablar da mövcud idi ki, həmin kitablar nadir tapılan və satın alınması mümkün olmayan kitablar idi. Məhz bu səbəbdən xəlifə, həmin kitabların əldə olunması və çoxaldılması üçün kitabxanada əlyazma üsulu ilə kitab hazırlayan xüsusu adamlar – yazıçılar, cildçilər, tərcüməçilər toplayıb, onları vəzifələndirmişdi.
 
 
Kordova saray kitabxanası II Hakəm dövründə ən parlaq dövrünü yaşayırdı. II Hakəm-dən sonra taxta keçən oğlu II Hişam hələ on dörd yaşında olduğu üçün dövlətin idarəçiliyini İbn Əbu Əmir əl-Mənsur öz üzərinə götürür. Mənsur iqtidarı əlində saxlamaq üçün vaxtilə
II Hakəmin cəmiyyətdə foralaşdırdığı azad davranış tərzi, düşüncə və fikir azadlığı, fərdiyyəçilik kimi kütləvi düşüncə tərzinə zidd olan dəyərlərdən narahat olan kütləvi düşüncə tərzində olan adamlardan bir qrup formalaşdırıb, onların vasitəsilə kitabxanada olan bir çox elmi, populyar kitabları seçdirib, yandırtdırır. Mənsurun dövründə bir neçə dəfə təkraralanan bu hadisə əsnasında  kitabxana böyük zərərlərə məruz qalır. Kordova kitabxanası Mənsurun ölümündən sonra daha ikinci bir fəlakətlə qarşılaşır. Kordova şəhəri bərbərilər tərəfindən mühasirəyə alınan zaman şəhərin Valisi muzdlu əsgərlərin aylıq maaşlarını verə bilmir və əsgərlərin üsyan edəcəyindən ehtiyat etdiyi üçün tez bir zamanda bu böhrandan çıxmaq məqsədilə kitabxanadakı bir çox kitabları satır. Çoxlu bölmələrdən ibarət olan kitabxananın böyük bir bölməsi tamamilə boşalır, geridə qalan bölmələr isə bərbərilərin şəhərə girdiyi zaman yağmalanır. Əndəlüs əməvilərinin son dövrlərdə İslam əxlaqı və əhli-sünnə etiqadından yayınıb, təqlidçiliyə üz tutmaları dövləti hərtərəfli zəiflətməyə başladı. əvvəllər qazandıqları qələbələr və qısa zamanda göstərdikləri inkişaf səviyyəsi bir xəyala çevrildi.
III Hişam vəzirlərinin üsyan etməsi ilə taxtdan endirildi, xəlifəlik aradan götürüldü, dövləti "Məşvərət Heyəti” deyilən məclis idarə etməyə başladı. Qısa bir zmanda dövlət parçalandı və süqut etdi. Yerində bir sıra kiçik dövlətlər quruldu.
Bu ərazidə getdikcə zəifləməyə başlayan müsəlman mədəniyyəti tədricən təhrif olundu. Əndəlüs əməviləri tərəfindən bu coğrafiyada inkişaf etdirilən mədəniyyət mərkəzləri, məktəb binaları və kitabxanalar uçuruldu. Əndəlüsün müxtəlif şəhərlərinə dağıdılan Kordova saray kitabxanasının kitabları da Ferdinandın və İzabellanın müsəlman mədəniyyətini yox etmək siyasi prinsipi əsasında tanmamilə məhv edildi.
 
Müəllif: Sahib Altay