19:57 çərşənbə, 13 Noyabr 2019
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Haqqımızda

 
RESPUBLİKA KİTABXANA KOLLEKTORU HAQQINDA
 
 

Kitabxana xalq, millət, cəmiyyət  üçün  müqəddəs bir  yer, mənəviyyat, bilik, zəka mənbə­yidir. Ona  görə  də  kitabxanaya  daimi  hörmət, xalqımızın  mədəniy­yə­­tini  nümayiş  etdirən  amillərdən  biridir.
Heydər  Əliyev
 
Başlıca vəzifəsi kitabın təbliği, reklamı, yayımı və satışı olan  Respublika Kitabxana Kollektoru Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərkibində  geniş fəaliyyət göstərən qurumlardan biridir. 
Müəssisə yarandığı gündən  resbublika kitabxanaları arasında kitabın yayımının təşkili işində   müstəsna əhəmiyyətə malikdir. 
Respublika Kitabxana Kollektoru 1920-ci  ildən fəaliyyət göstərir. 100 yaşı gələn ilin  iyununda tamamlanacaq Kollektor kitabın təbliği sahəsində uzun bir  yol keçib. Yarandığı  vaxtlarda Kitabxana Kollektoru  Xalq  Maarif  Komissarlığının nəzdində  fəaliyyət göstərməyə başlayıb. İlk vaxtlarda Kollektorun  əsas  vəzifəsi  müxtəlif  mağazalardan, təşkilatlardan, şəxslərdən  kitablar  alıb  kitabxanalar  arasında  bölüşdürmək idi. Kollektorun Azərbaycan, rus və xarici dillər şöbəsi var idi.
Onu da qeyd edək ki, Respublika Kitabxana Kollektorunun yaranma tarixinin dəqiq, tarixi sənədlərə əsasən araşdırılması üçün tərəfimizdən Milli Arxiv İdarəsinə məktubla yazılı şəkildə müraciət edilmişdir. Milli Arxiv İdarəsinin göndərdiyi cavab mktubunda qeyd edilmişdir ki, Respublika Kitabxana Kollektoru 1920-ci ilin iyun ayının 1-də yaranmışdır və hələ o vaxtlardan yarım il  ərzində Respublika kitabxanalarına 83545 kitab və təşviqat broşürları verilmişdir.  
Kitabın təbliği və yayımı sahəsində yüz ilə yaxın bir yol qət edən   Respublika Kitabxana Kollektoru bu gün də kitabın oxuculara çatdırılması işində fəallıq göstərir.   Bu qurumun iş prinsiplərinə gəldikdə Kollektor Mədəniyyət Nazirliyinin sifarişi ilə nəşr olunmuş kitabları  respublika kitabxanalarına hədiyyə şəklində çatdırılmasını təmin etməklə və ilin əvvəlində bağlanılan müqavilə əsasında kitab satışını həyata keçirməklə fəaliyyətini tənzimləyir. Kollektorun  fondunda tariximizlə,  dövlət quruculuğumuzla, elmin müxtəlif sahələri, iqtisadiyyat  və turizmlə bağlı kitabların sayı  artmaqdadır. Oxucuların marağından çıxış edərək müxtəlif sahələrə aid ədəbiyyat nümunələri ilə kollektorun fondu daha da zənginləşməkdədir. Bu qurum respublikadakı kitabxanaların kitablarla təmin olunması ilə yanaşı həm də müəlliflərlə oxucular arasında yaradıcı münasibətlərin qurulmasında da əhəmiyyətli işlər görür. Hər il müəlliflərdən minlərlə kitab satın alınaraq kitabxanalara paylanılır, nəticədə ölkəmizin dörd bir tərəfindəki oxucular istədikləri kitabları kitabxanalardan əldə edib oxuya bilirlər. Beləcə Kitabxana Kollektoru tərəfindən kitabları satın alınan müəlliflər həm dövlətdən maddi dəstək görmüş olurlar, həm də əsərləri ölkənin əsas kitabxanalarına göndərilərək öz oxucularına qovuşur. Hər il ardıcıl şəkildə davam edən bu proses regionlardakı kitabxanaların yeni nəşrlərlə təmin olunması prosesini daha da dayanıqlı edir. Nəticədə kollektorun köməyi ilə ən son, gərəkli və maraqlı nəşrləri ən ucqar  kitabxanalardan da tapmaq olur. 
 
Kollektorun yeni yaradılan   "bookcollector.az” saytı və  "Bizim kitab” adlı  ədəbi-biblioqrafik jurnalı oxucu tələbatını ödəmək üçün atılmış yeni bir addımdır. Saytın müxtəlif bölmələrində oxucular onlara lazım olan məlumatları rahat tapa və mütaliə edə bilərlər. Saytın yaradılmasında məqsəd Mədəniyyət Nazirliyinin, eləcə də Respublika Kitabxana Kollektorunun kitab və  nəşr siyasəti ilə oxucuları məlumatlandırmaq, ölkəmizdə kitabsevərlərin marağını təmin etmək, mütaliəyə olan marağı daha da artırmaq, ən əsası dövlətin və dövlətçiliyin inkişafına xidmət edən, töhfələr verən nəşrləri və müəllifləri təbliğ etməkdir.

Mədəniyyət Nazirliyinin kitabları, nəşr layihələri, ümumilikdə kitab siyasəti ilə bağlı hər cür yenilikləri bu sayt vasitəsi ilə oxucular izləyə biləcəklər. Adıçəkilən sayt eyni zamanda, kitabxanalarla Kitabxana Kollektoru arasında elektron əlaqələrin, yaradıcı, işgüzar münasibətlərin qurulmasında da gərəkli işlər görəcək. Kollektorun fəaliyyətini, ümumilikdə ölkəmizdə kitab, nəşr işinin vəziyyətini, Mədəniyyət Nazirliyinin  kitab sərgi-yarmarkalardakı uğurlarını əks etdirən "Bizim kitab” jurnalının məqsədi gənclərdə mütaliə vərdişi aşılamaq, mədəniyyət, ədəbiyyat, musiqi sənəti və incəsənətimizin bütün sahələrinə uyğun nəşrlər barədə mütaliəsevərləri xəbərdar edən tematik, maraqlı, oxunaqlı yazılar təqdim etməkdir. Jurnalın nəşrində başlıca istək kitabı oxuculara sevdirməkdir.  İnanırıq ki, bu jurnal fərqli dizayn, bir-birindən maraqlı yazılarla, imzaları rəğbət doğuran müəlliflərin məqalələri ilə oxucularının geniş marağına səbəb olacaq.