02:56 Cümə Axşamı, 04 Iyun 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Beytül – Hikmət (Hikmətlər Evi) Bağdad Kitabxanası

12-06-2018 13:56
603
   Beytül – Hikmət (Hikmətlər Evi) Bağdad Kitabxanası

                  

      Ümumdünya tarixində bütün xalqların əsas göstəriciləri, onların formalaşdırdığı, nəsildən-nəslə daşıyıb  genişləndirdiyi və etnik qruplaşıb, oturaqlıq qazandıqları coğrafiyadan əlavə başqa coğrafiyaların xalqlarına nümayiş etdirə bildikləri və əsrlərlə yaşatdıqları mədəniyyətləridir. Xalqların mədəniyyət tarixinin araşdırılmasında iki oxşar anlayış "kültür” və "mədəniyyət” həmişə ayrı-ayrılıqda tədqiq edilir və hər bir xalqın keçdiyi sivilizasiyalarda göstərdiyi fəaliyyətlər, o xalqın əkinçilik fəaliyyətindən tutmuş, musiqisinə kimi incələnir.

      Mədəniyyətlərin formalaşmasında coğrafi və iqtisadi şərtlər əsas amillər olaraq götürülür. Tarixdə hansı xalqlar ki, digər xalqlara nisbətdə erkən oturaqlıq qazanıblar, həmin xalqların mədəniyyəti də, musiqisi də, elmi fəaliyyətləri də tez formalaşıb və daim inkişafda olub. Bundan əvvəlki məqalələrimizdən birində dünyanın ən qədim mədəniyyətlərinin, təhsil ocaqlarının, kitabxanalarının mövcud olduğu əraziləri analiz edərkən mədəniyyətlərin formalaşmasında və yayılmasında dəniz səyahətinin və ticarətinin, ipək yollarının mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdik. Hansı şəhərlər ki, dəniz yolu üzərində və ya limana yaxın ərazidə və ya ipək yolu üzərində yerləşir, həmin şəhərlər dünyanın ən qədim mədəniyyət mərkəzləri olaraq qeydə alınıb. Məlum məsələdir, dəniz yolu üzərində yerləşən bir şəhər, artıq müxtəlif ölkələrdən gələn tacirlərin, səyyahların, elm və poeziya adamlarının fəaliyyət ocağına çevrilir və həmin şəhərlərə həm yeni mədəniyyət gətirilir, həm də buradakı mövcud mədəniyyət başqa ölkələrə yayıla bilir.

      Hər məqaləmizdə dünyanın qədim mədəniyyət mərkəzi sayılan bir şəhərin mədəniyyət tarixini xarakterizə etdiyimiz kimi, bu məqaləmizdə də bu qəbildən olan, dünyanın ən qədim və ən böyük mədəniyyət mərkəzlərindən olan Bağdad şəhərinin mədəni mahiyyətini analiz edəcəyik.

     Bağdad şəhəri – tarixin qədim dövrlərindən bu günümüzə kimi, istər qədim Akkad dövlətinin mövcud olduğu dövrdə, istər Abbasi xilafətinin zamanında, istərsə də bu günkü İraq dövlətinə məxsus bir şəhər olaraq hər bir dövrdə Yaxın Şərqin ən böyük mədəniyyət mərkəzi olaraq dəyərləndirlir.

 
 
      İslam peyğəmbəri Hz. Məhəmmədin (s.ə.s) dayısının soyundan gələn Haşimi ailəsinin yetirmələri olan Abbasilərin (Abbas oğullarının) xəlifəliyi ələ keçirib, 750-ci ildə Abbasilər xilafətini qurmasından sonra, antik yunan mədəniyyəti və fəlsəfəsi başda olmaqla, qədim mədəniyyətlərin araşdırılmasına və elmi fəaliyyətlərin genişləndirilməsinə böyük maraq oyandı. Başlıca olaraq Yunan dilindən mətnlərin ərəb dilinə tərcümə olunmasına, Bağdad şəhərinin qurucusu olan, ikinci Abbasi xəlifəsi Mənsurun dövründən başlanılmışdır. Tərcümə fəaliyyətləri Abbasilərdən öncə Əməvilərin mərkəzi Harranda da aparılsa da, bu, Bağdaddakı kimi geniş fəaliyyəti əks etdirmirdi. İlk Abbasi tərcüməçiliyinin ana mövzusu olan yunan əsərləri hələ Renessans dövründən öncə Avropaya çatmışdır. Bağdadda aparılan tərcümə fəaliyyətləri Ellinizmə yenidən həyat vermişdir. Xəlifə Mənsurun burada tərcümə fəaliyyətlərini başlatmasının əsas səbəblərindən biri də, onun ən önəmli qaynaqları yunan dilində olan Astorologiyaya dair nəzəri biliklərə xüsusi marağının olması idi.
Əvvəlcə Bağdadda başlayan, sonra isə imperatorluğun digər mərkəzlərinə yayılan tərcümə fəaliyyətlərinin mərkəzi, öncə sırf kitabxana, daha sonra elmi araşdırmalar mərkəzi kimi fəaliyyət göstərən Beytül-Hikmət (Hikmətlər evi) idi.
      Beytül-Hikmətin tam geniş çevrədə fəaliyyəti xəlifə Mənsur dövründə gerçəkləşmişdir. Kitabxananın fəaliyyətə başladığı ilk dönəmdə qarşıya qoyulan məqsəd Sasanilərə aid olan əsərlərin Fars dilindən Ərəb dilinə tərcümə olunması idi. Kitabxanada tərcüməçilərlə birlikdə, kitabların mühafizə olunması üçün mücəllidlər (kitab çildçiləri) də yetişdirilirdi. Mənsurun dövründə başlanmış tərcümə fəaliyyətləri Harun Rəşidin dövründə daha da genişləndi. Aristotelin "Fizika” və "Evklid” elementlər adlı əsərləri bu dövrdə tərcümə olunan başlıca əsərlərdəndir. Beytül-Hikmətin parlaq dövrü isə Məmunun hakimiyyəti illərinə təsadüf edir.
      Məmun, sülh və bərəkətin yalnız elmlə əldə olunacağına inanırdı. Bunu bacarmaq üçün imperatorluğun hər tərəfinə yayılmış elm adamlarının bir araya gətirilməsi vacib idi. Elə Məmun da elm adamlarının bir araya gətirildiyi zaman elmi fəaliyyət üçün sərhədsiz imkanların yaranacağını düşünürdü. Elə Beytül-Hikmətin yüksəlişi də belə başladı.
Beytül-Hikmət Məmunun hakimiyyəti dönəmində, o dövrün modern təhsil ocaqlarıyla rəqabətə girəcək səviyyəyə gəlib çatmış, universitet, tərcümə mərkəzi, laboratoriya, söhbət məclisi, kitabxana kimi fərqli qurumların bir arada cəm olunduğu böyük tədris müəssisəsinə çevrildi. İran, Misir, Hindistan, Afrika, Çin və Yunanıstan başda olmaq üzrə dünyanın fərqli yerlərindən alimlər və kitablar Bağdada gətirildi. Dünyanın hər yerindən Bağdada axın edən alimlər, elmi fəaliyyətləri bütün dünyanın istifadə edə biləcəyi şəkildə inkişaf etdirmək üçün ilk dəfə bir araya gətirilmişdilər.
Məmun, tarixdə elmə xüsusi diqqət ayıran azsaylı liderlərdən idi. İslam coğrafiyasında fərqli mədəniyyətlər arasındakı sərhədlər aradan qalxmış, Ərəb dili ortaq elmi və dövlətlərarası diplomatik dilə çevrilmişdi. Deyilənə görə, burada çalışan alimlər tərcümə etdikləri kitabların və ərsəyə gətirdikləri akademik əsərlərin ağırlığında qızılla mükafatlandırılırdılar. Xüsusilə burada gerçəkləşən fəlsəfi, dini, tarixi və siyasi söhbət məclislərinə xəlifə Məmun özü rəhbərlik edirdi.
Çünki riyaziyyat, fizika, kimya, astronomiya və coğrafiya daxil bir çox elm sahələrinin fundamental informasiyalarını meydana gətirirdi. Bu alimlər riyaziyyatı anlayaraq bir çox sirrə vaqif olacaqlarını düşünürdülər. Beytül-Hikmətdə çalışmağa gələn ilk alimlərdən biri də 780-850-ci illərdə yaşamış böyük riyaziyyatçı Musa əl-Xarəzmi idi.
 
       İbn Nədimin qeydlərinə görə, Xarəzmi xəlifə Məmunun xidmətində, Beytül-Hikmətdə çalışmış, cəbrin təməli sayılan "Hisabul-Cəbr Vəl-Müqabələ” (Cəbr və qarşılaşdırma hesabı) əsərini 825-ci ildə burada yazıb tamamlamışdır. Xarəzmi bu kitabında miras hüququ, ticarət, ərazi ölçü qaydaları və.s. bu və bu kimi, gündəlik həyatda istifadə olunan lazımlı bir neçə xüsusda cəbri düsturlardan necə istifadə edilə biləcəyini açıqlamışdır. Xarəzmi öz qeydlərində, bu əsəri xəlifə Məmunun təşəbbüsüylə yazdığını bildirir.
        "Cəbr” kəlməsi, "nəticələndirmək” anlamına gələn "əl-cəbr”dən gəlir. Bunun xaricində Xarəzmi, hind sayı sisteminin mənimsənilməsi və yayılmasında böyük rol oynamışdır. Çünki ondan  öncə istifadə olunan Roma rəqəmləri riyaziyyat üçün uyğun deyildi. Hind say sistemini almaqla kifayətlənməyən Xarəzmi, 0 (sıfır) rəqəmini icad etmişdir.
Astronomiyanı, astrologiyanın mifologiya və fərziyyələrindən ilk dəfə müsəlmanlar ayırmışdır. Xarəzmi və Bəni Musa qardaşlarının Beytül-Hikmətdə Astronomiya sahəsində əldə etdikləri məlumatlar yüzilliklər boyunca istifadə olunmuşdur.
Bəni Musa qardaşları demişkən, bu üç qardaş, (Məhəmməd, Əhməd və Həsən) hələ xəlifəliyindən öncə Məmunun dostluğunu qazanmış Musa bin Şakirin oğullarıdır.
      Bəni Musa qardaşları, Beytül-Hikmətdə çalışdıqları müddətdə qazandıları pulların böyük bir hissəsini antik əlyazmaların toplanmasına və Bağdadda bir qrup müstəqil tərcüməçilərin fəaliyyətinin inkişaf etdirilməsinə xərcləmişdilər. Bağdadda ən çox tanınan iki tərcüməçi - İshaq bin Hüneyn və Sabit bin Kurra Bəni Musa qardaşlarının dəstəyilə yetişmiş tərcüməçilər idilər. Xəlifə Məmun bu üç qardaşı Eratosfen və digər yunan filosoflarının apardığı ölçüləri doğru qəbul etmək şərtilə dünyanın çevrəsini ölçməklə vəzifələndirmişdi. Uzun müddət onlara tapşırılan araşdırmayla məşğul olan Bəni Musa qardaşları, dünyanın çevrəsinin son olaraq 24.000 mil olduğu qənaətinə gəlmişdilər. (Bugünkü ölçülər 24.092 mildir).
       Sadəcə riyaziyyat və coğrafiya deyil, tibb, fizika, kimya, ilahiyyat, fəlsəfə və ədəbiyyat kimi bir çox sahələrdə də saysız-hesabsız tədqiqatlar aparılmış, elmi fəaliyyətlər göstərilmişdir. Bağdadda elmin hər sahəsi üçün ayrı-ayrılıqda təşkil olunub böyük bir tədqiqat mərkəzi kimi formalaşan bu tərcümə mərkəzləri və kitabxanalar eyni zamanda xaricdən gələn tədqiqatçı alimlər üçün zəngin əlyazma qaynağı idi. IX əsrin sonunda təkcə Bağdadda 200-dən çox kiçik kitab hücrələri fəaliyyət göstərirdi..
       Bağdad 1258-ci ildə moğollar tərəfindən işğal edildiyi zaman 36 rəsmi kitabxana və bu kitabxanaların nəzdində fəaliyyət göstərən kiçik hücrələr və bu elmi tədqiqat mərkəzinə hədiyyə edilmiş onlarla xüsusi şəxsi kitabxanalar mövcud idi. fəlsəfə, elm, tarix, ədəbiyyat və başqa elm sahələrinə aid əlyazmalar, tərcümə olunmuş əsərlər hər kəsin istifadə hüququ olan böyük bir mərkəzi kitabxana halına gətirilmişdi. Tələbələr, alimlər, tacirlər, sənətkarlar və ağlagələn hər bir sənət və peşə sahəsilə məşğul olan sənət adamları Bağdada axın etməkdə idilər
       Bağdadın bu zənginliyinin və gözəlliyinin ömrü çox təssüf ki, çox uzun sürmədi, 1258-ci ilin fevral ayının 10-u Hülakü xanın başçılığı ilə Bağdada girən moğol ordusu şəhəri yerlə yeksan etdi. Əhalisi bir milyon olan Bağdad şəhərinin 200 mindən çox müsəlman əhalisi bir neçə gündə qətlə yetirildi. Şəhərdə yalnız xristian əhalinin canı bağışlandı. İlk öncə əsası xəlifə Mənsur tərəfindən qoyulan, xəlifə Məmun tərəfindən inkişaf etdirilən Beytül-Hikmət elmi tədqiqat mərkəzi məhv edildi. Kitabxananın zəngin fondunu təşkil edən bütün kitablar Dəclə çayına atıldı və yüzillərin bəhrəsi olan bu kitablardan axan mürəkkəb çayın suyunu qara rəngə boyadı. Riyaziyyat, fəlsəfə, tarix, astronomiya, fiqh (şəriət elmi) ilə əlaqəli minlərlə əsər yox oldu. Bu istiladan dolayı "Qızıl dövr”də yaşamış İbn Heysəm, Əl Büruni, İbn Sina kimi böyük alimlərin əsərlərinin sadəcə bir hissəsi bizim dövrümüzə gəlib çatmışdır.
      Hülakü xan tərəfindən əsir edilən xəlifə isə onun göstərişi ilə bir xalıya bükülərək, moğol süvariləri tərəfindən əzilərək öldürüldü. Bağdadın məhv edilməsi, bir şəhərin işğalından daha böyük bir faciədir. Bu işğal, eyni zmanda islam dünyasının yaranışından "Qızıl Dövr”ə qədər əldə etdiyi bütün uğurların məhv edilməsi demək idi ki, sırf bu istilaya görə İslam dünyası bir daha heç vaxt əvvəlki kimi olmayacaq siyasi¸elmi, mədəni və dini tədqiqatların bəhrəsi olan, dünyanın ən zəngin kitab fondlarından biri olan Beytül-Hikməti itirdi.

 

Müəllif: Sahib Altay