01:52 Cümə Axşamı, 04 Iyun 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

Aziza Katerina Monastır Kitabxanası

11-06-2018 13:02
466
Aziza Katerina Monastır Kitabxanası

Aziza Katerina Monastır Kitabxanası


 

Dünyanın qədim mədəniyyətlərinin araşdırılması prossesində aparılan arxeoloji qazıntıların nəticəsi sübut edir ki, Mesopotamiya, Babil, Qədim Roma imperiyasına məxsus olan ərazilər (xüsusilə də Anadolu ərazisi), Yunan və Şumer mədəniyyətlərinin formalaşdığı, təşəkkül tapdığı və yayıldığı ərazilərlərlə birlikdə Qədim Misir coğrafiyası da qədim mədəniyyət mərkəzi olaraq ən önəmli yerlərdən birini tutur. Kitab və kitabxanaçılıq fəaliyyət-lərinə dair bu qəbildən olan məqalələrimizdən birində, qədim mədəniyyətlərin, tarixi abidələ-rin, kitabxanaların tapıldığı ərazilərdə, digər coğrafiyalara nisbətdə yazı mədəniyyətinin daha erkən dövrdə ortaya çıxdığının və bu mədəniyyətlərin həm formalaşmasının, həm də qorunmasının birbaşa olaraq yazı mədəniyyəti və dövlətçilik ənənəsi ilə bağlı olduğunu qeyd etmişdik.

Qədim Misirdə də yazı mədəniyyətinin erkən dövrlərdə, hələ e.ə. IV əsrdə şəkli yazının ortaya çıxmasıyla formalaşması, bu coğrafiyada kitab və kitabxanaçılıq fəaliyyətlərinin erkən başlanılmasına şərait yaratmışdır. Misirin mədəniyyət tarixinə nəzər saldıqda, dünyanın ən qədim mədəniyyətlərinin formalaşdığı digər coğrafiyalara nisbətdə, burada kitabxanaçılıq fəaliyyətlərinin erkən dövrlərdə yaranmasının və sürətlənməsinin başqa iki önəmli və fərqli səbəblərlə bağlı olduğunu görürük. Bu fərqli səbəblər, təbii ki, Qədim Misir ərazisində hələ erkən dövrlərdən çoxallahlı dinlərin meydana gəlməsi və ədəbiyyatın şifahi qolunun yazıdan əvvəl formalaşmasıdır ki, bu köklü mədəni elementlər sonrakı dövrlərdə Yaxın və Orta Şərq mistikasının dünya miqyasında tanınmış yazılı nümunələrinin yaranmasına şərait yaratmışdır. Eyni zamanda dünyanın ən qədim və ən böyük kitabxanası olaraq bilinən, Misirin ən qədim tarixi abidələrindən sayılan İsgəndəriyyə kitabxanasından tapılan yazılı gil lövhələrin üzərindəki dini yazılar və poeziyaya dair əlyazmalar da bunun bariz nümunəsidir.

Yaxın və Orta Şərqin "mədəniyyətlər ölkəsi” adlanan ərazisi, Qədim Misirdə antik dövrlərdə müxtəlif çoxallahlı dinlərlə birlikdə, həm də müxtəlif səmavi dinlər formalaşmış və bu ərazidən digər coğrafiyalara yayılmışdır. Bir məqamı da unutmayaq ki, ümumdünya mədə-niyyətinə ən çox təsir edən iki amil vardırsa, bunlardan biri də dindir. Təbii ki, Misirdə də müxtəlif dinlərin formalaşması və təşəkkül tapması, bu ərazidə tarixən böyük və əsrarəngiz mədəniyyət abidələrinin meydana gəlməsinə səbəb olmuşdur. Bu məqaləmizdə də Misirin ən önəmli mədəniyyət abidələrindən sayılan, bu coğrafiyada xristianlığın hökm sürdüyü dönəmlərdə inşa edilmiş Aziza Katerina məbədi və vaxtilə bu məbəddə fəaliyyət göstərən qədim kitabxanadan danışacağıq.

Aziza Katerina məbədi, Misirin Şimali Sina əyalətində, Sina dağının ətəklərində, isgəndəriyyəli inqilabçı qadın - Aziza Katerinanın adına həsr olunmuş Aziza Katerina kəndində yerləşən bir monastırdır. Monastır Qərb Ortodoks kilsəsinin tabeçiliyində olan, muxtar Sina kilsəsi tərəfindən idarə olunmaqdadır. Monastırın binası Sina dağının ətəyində, dəniz səviyyəsindən 1500 m hündürlükdə inşa edilmişdir. 2002-ci ildə bu monastır UNESKO-nun dünya mirasları siyahısısına daxil edilmişdir. Bir çox tarixi qaynaqlarda bu məbəd Sina Müstəqil Rum Ortodoks Kilsəsi adlandırılır. Qərb Ortodoks kilsəsinin tabeçiliyində olan yarımmüstəqil kilsələrin ən kiçiyidir. Eyni zamanda Sina, Paran, Raithu bölgələrinin də baş yepiskopluğu vəzifəsini daşıyan monastırın baş keşişi keşişlər tərəfindən seçilir və Qüds Rum Ortodoks kilsəsi tərəfindən müqəddəsliyi elan olunur. Monastırın ilk baş keşişlərindən olan Aziz İohan Klimakosdur. Başlanğıcda Qüds yepiskopunun tabeçiliyində olan monastır 1575-ci ildə Fənər Yepiskopluğunun icazəsilə müstəqillik qazanmışdır. Monastırdakı keşiş sayı 36 olaraq tamamlanmışdır; bu say hal-hazırda Qahirə, Süveyş monastırlarında olan keşiş sayından çoxdur. Sina kilsəsinin camaatı monastırda çalışan bəzi xristian ərəblərdən və Qızıldəniz vadisində yerləşən ət-Tur şəhərinin balıqçılarından təşkil olunmuşdur. Monastır, yaxınlıqda yaşayan müsəlman bədəvi ərəblər tərəfindən qorunur və bunun qarşılığında onlara müxtəlif maddi yardımlar olunur.

 


 

 

Bizans imperatoru I Jüstinyen tərəfindən 527-ci ildə inşa etdirilən monastıra ilk olaraq yerləşən zahid keşişlər quldurların hücumuna məruz qalırlar və bundan sonra yenə Jüstinyenin göstərişilə Sina dağının alçaq təpələrində  Musanın Allahı görmək arzusuna qarşılıq olaraq, onun gözlərinə görüldüyünə inanılan məşəl ki, var həmin məşəlin ətrafına divarlar hörüldü. Monastır, İslam dininin yayıldığı 7-ci əsrdə eyni ərazidə yaşayan pərakəndə xristian toplumunun sığınacağına çevrilmişdir. Məbədin içərisində bədəvi ərəblərin bu gün də ibadət etdikləri kiçik bir məscid yerləşir ki, bu məscidin müsəlmanlar tərəfindən canları bağışlanan keşişlərin, istilaları yatırmaq məqsədilə müsəlmanlara hörmət əlaməti olaraq tikdirdiyi söylənilir. Orta dövr boyunca xrsitianların həcc yeri olan bu məbəd 6-cı əsrdən bu günümüzə kimi heç bir boşluğu olmayan, qədim dövrüylə rabitəli sağlam bir tarixə sahibdir.

İlk monastırın kənar uzunluqları 84-75 m olan qranit divarlarıyla eyni tarixdə inşa etdirilib Məryəm anaya ithaf olunan kilsə günümüzə kimi öz varlığını qoruya bilmişdir. Kilsənin qarşısında İsanln nura boyanmış şəklini əks etdirən, ilkin Bizans dönəmindən qalan bir ikona vardır.

Monastırın ən qiymətli xəzinəsi isə bəziləri 8-ci əsrdən öncə hazırlanmış ikonalar və əlyazmalardır. 1945-ci ildə inşa etdirilən bir kitabxanada qorunan bu əlyazmaların əksəriyyəti yunanca və ərəbcədir. Amerika İnsan Araşdırmaları Fondu tərəfindən, monastırdan tapılan əlyazmalar əsasında 1949-50-ci illərdə Vaşinqton Konqres Kitabxanası hesabına və İsgəndəriyyə universitetinin yardımıyla müxtəlif sənədli filmlər, eyni zamanda əlyazmaların mikrofilmləri çəkilmişdir. Bu əlyazma kolleksiyası arasında 4-cü əsrdə Süryani dilində yazılmış İncil mətnlərini əhatə edən "Codex Syriacus” əlyazması da mövcuddur. 4-cü əsrdən qalma Yunan dilində yazılmış İncil mətnlərini əhatə edən, "Kodeks Sinaitikos” adlandırılandigər bir əlyazma da mövcuddur ki, bu əlyazama da Katerina Monastırından tapılmış qiymətli incilərdəndir və hal-hazırda Londonda British Museumda saxlanılır.

Monastırın içərisindən tək-tək tapılan əlyazmalardan əlavə, 1975-ci ildə monastırda təmir işləri aparılarkən işçilərin köhnə iç divarlardan birini yıxması nəticəsində, mövcud olduğu bilinən, lakin uzun zamanlardır axtarışda olan bir kitabxana tapıldı. Kitabxananın incələnməsi nəticəsində "Codex Syriacus” un yarımçıq parçaları, 50-ə qədər yarımçıq başqa dini mətnlər, 10-a qədər yunan yazı mədəniyyətini əks etdirən, yuvarlaq böyük hərflərlə yazılmış mətnlər olmaqla, 3 minə yaxın əlyazma və müxtəlif sənət nümunələri tapılmşdır.

Bir əsrdən çox monastırda aparılan və hələ də davam edən arxeoloji qazıntılar nəticəsində müxtlif zamanlarda tədqiqatçıları heyrətləndirən sənət nümunələri, qədim əlyazmalar, poeziya nümunələri tapılmaqdadır. Ancaq indiyə kimi aparılan tədqiqatlara əsasən 2011-ci ildə tam olaraq öz nəticəsini verdi. Yüzillikləri arxada qoyan, yaşı dəqiq olaraq hesablana bilməyən qədim əlyazmaların vaxtilə Aziza Katerina məbədindəki keşişlər tərəfindən köçürmə üsulu ilə yazılıb saxlanıldığı üzə çıxdı. Tədqiqat heyəti, bir müddət yox olmuş, daha sonra monastırdakı keşişlər tərəfindən yazılıb qorunduğu bilinən mətnləri xüsusi müasir texnoloji üsullarla tədqiq etməyə başladılar. İlk incələmələrdə məlum oldu ki, əsərlərin əksəriyyəti latın, yunan və ərəb dillərində yazılmışdır. Lakin mətnlərin arasında bir çox mətnlər mövcuddur ki, həmin mətnlərin yazıldığı dillər müəyyən dövrə qədər dünyada mövcud olmuş, sonralar unudulmuş nadir dillər kimi qeydə alınmışdır. Kitabxanadan tapılan bəzi mətnlərin incələnməsini çətinləşdirən məqamlardan biri də üzərinə mətnlər qeyd olunmuş perqamonların bir neçə dəfə yazılmasıdır. VII əsrdə İslam dininin yüksəlişilə əlaqədar bölgədəki xristian əhali azalır bir qismi də Aziza Katerina məbədinə köçüb, öz yaşamını burada davam etdirməyə başlamışdır. Bu vaxt məbəddə yazı vasitələri və materialları azaldığına görə, rahiblər məbədin kitabxanasındakı mətnləri köçürərkən yazdıqları perqamonların üzərinə ikinci dəfə yazı yazmağa məcbur olmuşlar.

 

Monastırda 2011-ci ildən sonra aparılan tədqiqat işləri arxeoloqların davamlı olaraq uğur qazanmasına səbəb oldu. Qısa bir zaman kəsiyində 6800 səhifəni əhatə edən 74 perqamon batmanı və başqa maraqlı mətnlər tapıldı. Son restavrasiya işlərində isə tapılan üç bağlama elm adamlarını ən çox heyrətləndirən və bu gün də tədqiq edilməkdə olan mətnlərdir. Bu bağlamalardan biri, IV əsrdən XII əsrə qədər olan yunan poeziyasına məxsus yazılar və daha öncə bilinməyən şeirləri əhatə edən 108 səhifəlik mətnlər toplusu və o dövrün yunan şairləri tərəfindən yerli əhalinin dilindən, fundamental tibb elminin əsasını qoymuş, bu gün də həkimlərin adına and içdiyi yunan filosofu Hippokrata həsr edilmiş bir mədhiyyəni əhatə edən mətnlərdir. İkinci bağlamanı əhatə edən mətnlər isə Hippokratın tibb elminə dair qələmə aldığı şəxsi əlyazmasıdır ki, son incələmələrdən sonra elm adamları bu əlyazmanın 1500 ildir Aziza Katerina məbədində saxlanıldığını deyirlər. Üçüncü bağlama isə ən maraqlı və ən sirli bağlamadır. Bu bağlamadan çıxan mətnlərin əksəriyyəti dövrümüzə kimi öz varlığını qoruyub saxlaya bilməmiş, dünyada müxtəlif unudulmuş və təhrif olunmuş dillərdə yazılmış mətnlərdir ki, əksəriyyəti hələ də incələnməkdədir. Mətnlərdən indiyə kimi yalnız ikisi tam olaraq tədqiq edilmiş və məlum olmuşdur ki, bu mətnlər indiki Azərbaycan ərazisində vaxtilə yaşamış, dini inancı xristian olan kiçik bir etnik birliyin danışdığı Qafqaz albancasında yazılmışdır. Tədqiqatçı Sarah Laskovun dediyinə görə Qafqaz albancasına dair nümunələr hal-hazırda bir neçə daş kitabə üzərində mövcuddur və bu dil haqqında geniş məlumat yoxdur, eyni zamanda da dünyada unudulmuş dillər sırasındadır. Erkən Əlyazmalar Kitabxanasının direktoru Michel Phelpisin şəxsi araşdırmaları əsasında qeydlərində deyilir ki, Aziza Katerina monasıtırdından tapılan Qafqaz albancasını əks etdirən mətnlərin tədqiq edilməsi zamanı ilk olaraq "ağ” və "balıq” sözlərinin ortaya çıxması bu dildəki kəlmə dağarcığının artmasına yol açdı. Digər gizli mətnlər isə XIII əsrə qədər istifadə olunan və XVIII əsrdə elm adamları tərəfindən yenidən kəşf edilən süryani ilə yunan dilinin qarışığı olan Fələstin Aramicəsini əks etdirən mətnlərdir. Ədəbiyyatı, sənəti, mədəniyyəti bugünkü mədəniyyətlərdə də təzahür edən bu toplumlardan heç kim qalmamış, yalnız bu perqamonlar üzərində həkk olunmuş mətnlər onların qədim dünya tarixində buraxdıqları izləri əks etdirir və onların varlığının göstəricisi kimi bu dillərin və mədəniyyətlərin araşdırılmasını gerçəkləşdirir.

 

Hippokratın 1500 illik əlyazması

 

Bir əsrdən çoxdur "Sinai Palimpsest” adı altında Aziza Katerina monastırında aparılan tədqiqat işləri son zamanlar Misir Ərəb Respublikasının təzyiqləriylə zəiflədiyindən, Phelps və digər tədqiqatçılar daha geniş bir araşdırma çevrəsilə əməkdaşlıq etmək məqsədilə monastırdan tapılan palimpsestlərin və perqamonların şəkillərini sosial mediada paylaşıb, bunun, araşdırmanın sürətlənməsinə köməkedici vasitə olacağını düşünürlər.

 

Müəllif: Sahib Altay