08:59 çərşənbə Axşamı, 07 Iyul 2020
Ulu öndər Heydər Əliyev: “Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”
Azərbaycan Prezidenti İlham Əliyev: “Bizim mədəniyyətimiz, tarixi abidələrimiz bizim sərvətimizdir”.
Həsən bəy Zərdabi: “Yaxşı kitab çox qiymətli xəzinədir”.
Nəcəf bəy Vəzirov: “Kitablar bizi ötən əsrlərin varisi edir”.
Seneka: “Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır”.
Uilyam Şekspir: “Kitab mənim üçün, tacdan qiymətlidir”.
Markus Tillius Siseron: “Kitabsız ev ürəksiz bədəndir”.

İstanbulda 34-cü Beynəlxalq kitab sərgisi – 2015

18-11-2015 10:23
398
İstanbulda 34-cü Beynəlxalq kitab sərgisi – 2015
 Noyabrın 7-də İstanbulun TÜYAP sərgi mərkəzində işə başlayan 34-cü beynəlxalq kitab sərgisində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan uğurla təmsil olunub.
 Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 30 ölkədən 700-dək nəşriyyatın iştirak etdiyi sərgidə tərtibatı və mövzu zənginliyi ilə fərqlənən milli stendimiz ilk gündən kitabsevərlərin ən çox üz tutduqları məkanlardan birinə çevrilib.
 

 
 Azərbaycan guşəsində Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, "Kaspi” Şirkətlər Qrupu, "Hədəf” və "Qələm” nəşriyyatları, eləcə də Türkiyədə fəaliyyət göstərən "Araz yayınçılıq” kitab evinin nəşrləri nümayiş olunub. Stendimizdə ümumilikdə 600 adda kitab, albom və digər çap nümunələri yer alıb.
 Milli stendimizdə ölkəmizin tarixi, bugünkü inkişafı barədə geniş təəssürat yaradan nəşrlər, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran nəfis tərtibatlı çap məhsulları, Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən bəhs edən kitablar sərgilənib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən nəşrlər, ölkəmizin tarixi, mədəni irsi və turizm imkanlarını təbliğ edən kitablar təqdim olunub.
 Dörd gün ərzində minlərlə kitabsevər Azərbaycan stendində ölkəmiz, tarixi-mədəni irsimiz, milli ədəbiyyatımız haqqında geniş məlumat əldə ediblər. Qonaqlara təqdim edilən turizm nəşrləri, bukletlər, Azərbaycan mətbəxi haqqında çap məhsulları da xüsusi maraq doğurub. Azərbaycan, türk, rus dillərində Hüseyn Cavid yaradıcılığına dair nəşrlər, Cəlil Məmmədquluzadə, "Kitabi Dədə-Qorqud”, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyaları da geniş marağa səbəb olub.
 Nazirliyin dəstəyi ilə "Hədəf nəşrləri” tərəfindən çap olunan "Azərbaycan ədiblərini dünyaya tanıdaq” iyirmicildliyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar nəşr olunan və ilk dəfə sərgiyə çıxarılan beşcildlik də guşəmizin diqqətçəkən çap məhsullarından olub.
Noyabrın 10-da 34-cü İstanbul beynəlxalq kitab sərgisi işini başa vurub. Dünyanın ən nüfuzlu kitab nümayişi məkanlarından olan İstanbul sərgisinin builki rəsmi qonağı Rumıniya idi.
 

 
 Sərgidə ölkəmizin layiqincə təmsil olunması, kitablarımızın böyük maraq doğurması Azərbaycanda nəşriyyat işinin, kitab sənəti və poliqrafiya sahəsinin inkişaf səviyyəsini, nəşriyyatlarımızın dünya kitab bazarına uğurla daxil olduğunu, beynəlxalq əlaqələrinin genişləndiyini bir daha sübut edir.
 Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə nəşriyyatlarımız 2008-ci ildən mütəmadi olaraq İstanbul sərgisində iştirak edirlər.